Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edir.
Əvvəlcə birgə foto çəkdirilib.
Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər naziri Jorje Arreaza Monzerrat ölkəsinin Prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının fəaliyyətini dəstəklədiyini vurğulayaraq, onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə və konfrans iştirakçılarına çatdırıb.
Konfransda Qoşulmama Hərəkatının Venesuelanın Marqarita şəhərində keçirilən sonuncu Sammitindən sonra dünyasını dəyişən prezidentlərin və liderlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində nitq söyləyib.
Sonra nazirlər konfransına sədr seçkisi keçirilib.
Səsvermə nəticəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransa sədr seçilib.
Elmar Məmmədyarov tədbirdə çıxış edib.
Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir.
Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.