Komitə qarşıya qoyulan vəzifələrin öhdəsindən ləyaqətlə gəlir
Nədənsə bəzi insanlar belə düşünürlər ki, hər bir mətbu orqanının ən ümdə vəzifəsi nəyisə və yaxud kimisə tənqid etməkdən ibarət olmalıdır. Buna paralel olaraq, son vaxtlar belə bir tendensiya da yaranıb ki, əgər hər hansı bir qəzetdə və ya saytda tənqidi material dərc olunubsa, deməli həmin materialda yazılanlar böyük ehtimalla həqiqətdir. Amma əslində bu baxışların heç biri doğru deyil. İlk növbədə hər bir mətbu orqanının əsas vəzifəsi yalnız doğru-dürüst məlumatları ictimaiyyətə çatdırmaqdır. Təəssüflər olsun ki, son vaxtlar bu prinsipial məqamı unudanların sayı getdikcə artır. Nəticədə isə, istər ayrı-ayrı insanların – ictimai xadimlərin, siyasətçilərin, dövlət qulluqçularının, iş adamlarının və s., istərsə də bütöv qurumların nüfuzuna xələl gətirilir, onlar barəsində müəyyən qədər təhrif olunmuş ictimai rəyin formalaşmasına şərait yaranır.
Tez-tez fəaliyyəti bu cür əsassız hücumlara məruz qoyulan qurumlardan biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir. Etiraf etmək lazımdır ki, son vaxtlar hətta bu Komitənin işi barədə səthi anlayışı olmayan bir çoxları belə “Qaçqınkom”u ağız dolusu tənqid etməyi, xüsusilə də qurumun rəhbərliyinə qarşı müxtəlif irad və ittihamlar irəli sürməyi özlərinə az qala borc bilirlər. Heç şübhəsiz, iş olan yerdə nöqsanlar da olacaq. Deməli, digər müəssisə və təşkilatlar kimi, “Qaçqınkom”un da fəaliyyətində tənqid olunası müəyyən məqamlar tapmaq olar. Digər tərəfdən isə, bu komitənin necə problemli və istənilən ictimai-siyasi hadisəyə qarşı nə qədər həssas bir sahə üzrə fəaliyyət göstərdiyini də hesabdan silmək olmaz. Bununla belə mövcud olduğu illər ərzində qurumun gördüyü kifayət qədər səmərəli, əhəmiyyətli işləri də görməzdən gəlməməliyik.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq Komitənin əsas vəzifələri qaçqınların, və məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “qaçqın” və ya “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) vermək və bu statusdan məhrum etmək, qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının beynəlxalq və yerli ictimaiyyətə çatdırılmasını aidiyyəti icra hakimiyyəti orqanları vasitəsilə həyata keçirmək, məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunu aparmaq, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil etmək, müvəqqəti məskunlaşdıqları yerlərdə və repatriasiya dövründə müxtəlif növ reabilitasiya və reinteqrasiya tədbirlərini həyata keçirmək, məşğulluğun artırılması, yoxsulluğun azaldılması, qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmalarına şərait yaratmaq məqsədi ilə müvafiq dövlət
orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə məqsədyönlü iş aparılması, onlar üçün mənzil və sosial obyektlərin, təmir-tikinti işlərinin aparılması, tikinti obyektlərini müvafiq layihə-smeta sənədləri ilə təminatı və s. problemlərin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Statistik məlumatlara görə, 2001-2016-cı illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,2 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 95 müasir qəsəbə salınmışdır. Bunun da 3,0 milyon kvadrat metr yaşayış sahəsinə malik 90-ı , yaxud 95 faizi son 13 ildə inşa edilmişdir. Yeni yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi məktəbi, 1 incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 50 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi tikilmiş, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442 kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətti, 163 kilometr drenaj şəbəkəsi çəkilmiş, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır. Beləliklə, indiyədək 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, ondan da 46 min ailə, yaxud 230 min nəfər (92 %) son 13 ilin payına düşür.
İndi təsəvvür edin ki, bu qədər işin öhdəsindən gəlmək üçün neçə-neçə insanın gərgin əməyi, ağır zəhməti tələb olunur. Əlbəttə ki, qurumun səmərəli işinin təşkil olunmasında rəhbərliyin, xüsusilə də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rolu böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, Əli Həsənov bu vəzifəyə 1998-ci ildə təyin edilib. Eyni zamanda da o, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə Əli Həsənov dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Bu isə o deməkdir ki, Komitə sədrinin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir.
Əminliklə demək olar ki, ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin və verilmiş tapşırıqlarn icrasını Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bundan sonra da vaxtlı-vaxtında və uğurla həyata keçirəcəkdir.