Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.
Forumda, həmçinin Albaniya
Prezidenti İlir Meta, Makedoniya
Prezidenti George İvanov, Moldova
Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər. Əvvəlcə birgə foto çəkdirildi.
Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı. Azərbaycan
Prezidenti
İlham Əliyev tədbirdə nitq söylədi. Sonra Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım çıxış etdi.
İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo
Prezident Sergio Mattarellanın, Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Baş nazir xanım Tereza Meyin, İsmail Serageldin Roma Papası Fransiskin, Rumıniya Baş nazirinin müavini xanım Ana Birçall Baş nazir xanım Vlorika Dansilanın,
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai baş katib Antonio Quterreşin müraciətlərini oxudular.
Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq
Prezidenti Vayra-Vike Freyberqa çıxış etdi. Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ideya və dəyərlərinin təbliğində xüsusi fəallıqları ilə seçilən şəxslərə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olundu.
Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva təhsilin və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edildi. Birinci xanım
Mehriban Əliyeva çıxış edərək bu yüksək mükafatla təltif olunmasına görə minnətdarlığını bildirdi. Beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsindəki xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə İordaniya Kralı II Abdullahın təltif olunduğu elan edildi və mükafat Kral ailəsinin üzvü Rad Bin Al Huseynə təqdim olundu.
Humanitar və mədəni dəyərlərin təbliğindəki töhfələrinə görə ELPİDA təşkilatının prezidenti,
UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə təltif olundu. Açılış mərasiminə yekun vuran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbirdə iştirakına görə dövlətimizin başçısı
İlham Əliyevə və birinci xanım
Mehriban Əliyevaya minnətdarlığını bildirdi.