Müxalifətin radikal qanadı olan Milli Şura və Müsavat martın 10-a mitinq təyin edib. Radikallar mitinqi “ümumxalq” adlandırsalar da, "Məhsul" stadionuna yalnız AXCP və Müsavatın azsaylı üzvlərinin toplaşacağı gözlənilir. Buna səbəb digər müxalif partiya və təşkilatların 10 mart mitinqini boykot etməsidir. Belə ki, vaxtilə bir cinahda olan partiyalar Milli Şuranın mitinq çağırışına "yox" deyiblər.
AzVision.az siyasi partiyalardan mitinqdə iştirak edib- etməyəcəklərini soruşub.
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu bildirib ki, partiyanın Milli Şuranın mitinqində iştirak etmək barədə qərarı yoxdur: “Mitinqə partiya şəkilində qatılmaqla bağlı qərarımız yoxdur.Ümumiyyətlə, bu mitinqə dəstək verməyimizdən söhbət gedə bilməz”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov deyib ki, partiya 10 mart mitinqinə iştirak etməyəcək.
“Bizim bu aksiyalarda iştirak etmək fikrimiz və qərarımız yoxdur. Birinci, bununla bağlı hər hansı müraciət almamışıq. İkincisi, aksiyaların keçirilməsi ilə bağlı mövqeyimiz fərqlidir. Aksiyalar o vaxt keçirilməlidir ki, onun kütləviliyi təmin oluna bilinsin”.
Ə.Orucov qeyd edib ki. iki siyasi qurumun təşkil etdiyi aksiyanı "ümumxalq" adlandırmaq doğru deyil: “Ümumxalq mitinqi olmaq üçün gərək bu mitinqə həqiqətən ümumxalq dəstəyi olsun. Bu, yoxdursa, onu ümumxalq adlandırmaq doğru deyil. Orada iştirak edənlər dediklərimizi bir daha təsdiq edəcəklər”.
Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər mitinqin təşkilində iştirak etmədiklərini bildirib: “Partiya olaraq mitinqdə iştirak etməyəcəyik”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, partiyası bu mitinqdə nə iştirak edir, nə də dəstək verir: “Biz heç vaxt Milli Şurada təmsil olunmamışıq. Ona görə də onların təşkil etdiyi heç bir “kütləvi” tədbirdə iştirak etmirik”.
Partiya sədrələri və funksionerlərinin fikirlərindən aydın olur ki, mitinq təşkilatçıları aksiyalarını ümumxalq adlandırsalar da, digər
siyasi partiyalara orada iştirakla bağlı dəvət belə göndərməyiblər. Bu isə o deməkdir ki, təşkili planlaşdırılan mitinq seçki öncəsi təxribat xarakteri daşıyır və hansısa xarici siyasi dairələrin sifarişidir. Yaxud mitinq planını iki qurumun siyasi alver predmenti adlandıra bilərik.
Elvin Abdulqədirov