Xəbər lenti




Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət və rəşadət göstərmiş Milli qəhrəmanlar, “Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin üzvləri – uzun müddət təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, DTX-nin məsul əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, eləcə də rayonun hüquq mühafizə orqanlarının və digər strukturlarının rəhbərliyi, incəsənət xadimləri, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantları, rayon ərazisində fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinin tələbələri, məktəbin müəllim-şagird kollektivi, kütləvi informasiya vasitələrinin nümayəndələri, valideynlər və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən məktəbin direktoru Səadət Veysova Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyini və şəxsi heyətini qarşıdan gələn peşə və Novruz bayramları münasibətilə təbrik edərək 99 il əvvəl təşəkkül tapmış Azərbaycan təhlükəsizlik orqanlarının dövlətçilik maraqlarının və təhlükəsizliyin etibarlı qorunmasında önəmli rolundan danışıb və bu yolda onlara uğurlar arzulayıb. Belə tədbirlərin keçirilməsinin gənclərimizin tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində müstəsna rol oynadığını qeyd edən məktəb direktoru bu tədbirin 20 nömrəli məktəb-liseydə təşkilinə görə DTX rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, tədbirin əsas məqsədi müstəqil Azərbaycanın təhlükəsizliyinin, xalqımızın maraqlarının qorunmasında və cəmiyyətə yad təsirlərin qarşısının alınmasında gənclərimizin iştirakını, bu işlərə töhfə vermək əzmini daha da fəallaşdırmaqdır.

Sonra “Azərbaycanın müasir qəhrəmanlıq məktəbi” adlı film nümayiş olunub.

“Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin üzvləri - təhlükəsizlik orqanlarının veteranları Əli Orucov və Azər Qarayev, Azərbaycanın Milli Qəhrəmanı İntiqam Atakişiyev çıxışlarında xüsusi vurğulayıblar ki, bu gün Azərbaycan dövləti gənclərin intellektual potensialının inkişafını, yüksək səviyyədə təhsil almalarını, onların sağlam və vətənpərvər ruhda böyümələrini daim diqqət mərkəzində saxlayır.

Bildirilib ki, hazırda Silahlı Qüvvələrin hərbi-texniki potensialının gücləndirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib. Bu isə xalqımızda işğal olunmuş ərazilərimizin tam azad ediləcəyinə, ərazi bütövlüyümüzün təmin olunacağına inam hissini daha da artırıb. Bu gün müasir müstəqil Azərbaycanda ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda minlərlə insan şəhid olub və əlil olub.

Milli təhlükəsizlik orqanlarının bəzi əməkdaşları da ölkəmizin azadlığı uğrunda həlak olublar və onlardan altısı Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarına daima göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, bu diqqət və qayğı hazırda dövlət başçısı İlham Əliyev tərəfindən inamla və qətiyyətlə davam etdirilir.

Sonda Xalq Artisti Azər Zeynalovun, 20 nömrəli məktəb-liseyin müxtəlif musiqi müsabiqələrinin qalibləri olan şagirdlərinin, gənc istedadların ifasında vətənpərvərliyi tərənnüm edən şeirlər və ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən hərarətli alqışlarla qarşılanıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov