Xəbər lenti




Londonda həbs edilən və aylardır lüks həyatı ilə dünya mediasının gündəmindən düşməyən Zamirə Hacıyeva ilk dəfə Azərbaycan KİV-inin diqqətini oğurlanması ilə cəlb etmişdi.

Bizimaz.az xəbər verir ki, Zamirə Hacıyeva 1963-cü il iyulun 18-də anadan olub. Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevlə ailə qurub və bu cütlükdən bir qızı və iki oğlu dünyaya gəlib. Qızı Leyla Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub.

Z.Hacıyeva düz 13 il bundan öncə, 2005-ci ilin 10 fevral tarixində qadın gözəllik salonundan çıxarkən oğurlanmışdı. Elə o zaman bu hadisə böyük səs-küyə səbəb olmuşdu.

Məlumata görə, Z.Hacıyeva hadisə baş verən gün Bakıda bahalı salonlardan birinə gedib, oradan çıxanda isə məşhur qanqster Hacı Məmmədovun dəstəsi tərəfindən oğurlanaraq, maşının yük yerində Keşlədə Hacı Məmmədovun qeyri-rəsmi yaşadığı qadının evinə aparılımışdı. O, Keşlədəki evin zirzəmisində 1 aya qədər saxlanılıb.

Z.Hacıyevanın oğurlanmasında iştirak etmiş H.Məmmədovun sevgilisi olmuş Nailə Quliyeva sonradan məhkəmədəki ifadəsində “Zamirə Hacıyevanı oğurlayıb maşının yük yerinə qoydular” demişdi.

Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın “BBC Azərbaycanca”ya verdiyi məlumata əsasən, o zaman Zamirə Hacıyevaya görə on milyon dollar pul tələb olunmuşdu.

Z.Hacıyevanın oğurlanmasından sonra indi ləğv edilmiş Milli Təhlükəsizlk Nazirliyi “Qara kəmər” əməliyyatı başlatmışdı. 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyi Bakının Keşlə qəsəbəsində keçirdiyi əməliyyatla bankirin həyat yoldaşı azad edilmişdi.

Z.Hacıyeva 15 noyabr 2014-cü ildə həyat yoldaşı Cahangir Hacıyevlə Bakını tərk edib və İngiltərədə həyat qurmaq üçün Böyük Britaniyada investor vizası alıb.

Britaniyanın daxili işlər nazirliyinin məlumatına görə, cütlüyün "ən azı 55 milyon funt sterlinq var-dövləti" olub. Məlumata görə, Cahangir Hacıyev ona "I kateqoriyalı viza" üçün 200 min funt sterlinqə yaxın pul və yaşayış üçün hər ay 20 min funt sterlinq ayırıb.

Z.Hacıyevanın oğurluq hadisəsindən 10 il sonra Beynəlxalq Bankın eks-sədri Cahangir Hacıyev dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla həbs edildi. 2016-cı ilin iyununda isə artıq Londona köçüb orada məşkunlaşmış və oturum almış Zamirə Hacıyeva axtarışa verildi.

Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub. Z. Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada — Azərbaycan Beynəlxalq Bankından sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif post-terminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub.

Z.Hacıyeva 2018-ci ilin oktyabr ayında Böyük Britaniyanın İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs kimi tarixə düşüb. Londonda 22 milyon funt-sterlinqlik daşınmaz əmlakı olan Hacıyeva əmlakın qanuni gəlirlə əldə edilməsinin mənbəyini sübut edə bilməyib və mülkləri üzərinə həbs qoyulub.

Hacıyeva mediada çıxan xəbərlərdən sonra kimliyinin açıqlanmaması üçün başlatdığı məhkəmə mübarizəsini də uduzub. Məhkəmənin əldə etdiyi məlumata görə, Hacıyeva 2009-cu ildən əvvəl Britaniyanın Virciniya adalarında qurulan şirkətin köməyi ilə Londonun Naytsbric rayonunda, “Harrods” alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt ödəyib.

2018-ci ilin fevral ayında Britaniyanın Milli Cinayət Agentliyi Hacıyevadan Londonda aldığı villa üçün ödənilən 22 milyon funtun mənbəyi barədə məlumat təqdim etməsini istəmişdi. Bunun üçün Hacıyeva "İzahedilməmiş Sərvət Sərancamı" vasitəsilə gəlirinin şəffaf olduğunu izah etməli idi.

Məhkəmənin əldə etdiyi məlumata görə, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkşayr qraflığında, Askot kəndinin yaxınlığında qolf kursu və "Mill Ride Golf Club"-unu almaq üçün 10 milyon funt xərcləyib. Rəsmi məlumatlar cütlüyün “Harrods”ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta “Qolfstrim G550 Jet” təyyarəsini aldığını da ortaya çıxarıb.

Hacıyeva on il ərzində Londonun məhşur dükanı “Harrods”da 16 milyon və ya günə dörd min funt sterlinq xərcləyib. O, “Cartier” zinət əşyalarına 100 min funt sterlinq, lüks kişi geyimlərinə 20 min funt sterlinq, lüks zinət, ətir və saat markası olan “Boucheron”da 150 min funt sterlinqdən çox pul sərf edib. Hacıyeva alış-verişləri üçün ərinin sədri olduğu bankın 35 ədəd kredit kartı və “Harrods”un üç ədəd mağaza kartı ilə həyata keçirib.

Z.Hacıyeva ilk dəfə "İzahedilməyən Sərvət Sərəncamı" tətbiq ediləndə buna qarşı çıxmağa cəhd etsə də, hakimlər ona 39 milyon funtu geri ödəməyi əmr edib. Bunların ardınca Zamira Hacıyeva məhkəmə qarşısında bildirib ki, böyük bir haqsızlıqla üz-üzə qalıblar: "Həyat yoldaşım qanunlara sadiq adamdır. Ortada böyük bir ədalətsizlik var və biz onun qurbanıyıq. Həyat yoldaşım Azərbaycan Beynəlxalq Bankında işləməmişdən əvvəl də bacarıqlı bir iş adamı olub və özü var-dövlət qazanıb".

Britaniya Milli Cinayətlər İdarəsi isə Cahangir Hacıyevin 1993-2015-ci illərdə bu qədər sərvətə malik ola biləcəyini mümkünsüz hesab edib. Məhkəmədə Hacıyevanı saatı 500 funt sterlinq olan Ceyms Lyuis müdafiə edib.

55 yaşına qədər daim qalmaqallarla gündəm olmağı bacaran Zamirə Hacıyevanın indi Azərbaycana gətirilməsi, ölkədən oğurladığı pullar hesabına əldə etdiyi mülklərin müsadirə edilməsi səbirsizliklə gözlənilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov