Çinin Xefey şəhərindəki nüfuzlu Anxoy Universitetində Bakı Dövlət Universitetinin dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi açılıb.
Bizimaz.az mərkəzin açılış mərasimində çıxış edən Anxoy Universitetinin rektoru Kuan Quanli iki ölkənin humanitar sahədə əlaqələrindən danışıb.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Avropa və Asiyanın qovşağında, qədim İpək Yolu üzərində yerləşən Azərbaycanda tarixən mövcud olan bərabərlik, dözümlülük və sülh prinsipləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Anxoy Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılmasının əlamətdar hadisə olduğunu bildirən Abel Məhərrəmov bunun iki ali təhsil ocağının əməkdaşlığı sayəsində reallaşdığını deyib.
Akademik Abel Məhərrəmov bu il 90 yaşı tamam olan Anxoy Universitetini yubiley münasibətilə təbrik edib, Çinin bu nüfulzu ali təhsil ocağı ilə BDU arasında əməkdaşlığın hər iki tərəf üçün faydasından danışıb. Bildirib ki, 2011-ci ildə Bakı Dövlət Universiteti ilə Çin Xalq Respublikası Təhsil Nazirliyinin Xanban Baş İdarəsi və Anxoy Universiteti ilə birlikdə Bakıda Konfutsi İnstitutunun açılmasına dair imzalanmış müqavilə ilə qarşılıqlı əlaqələr üçün möhkəm təməl qoyulub. BDU-nun hər cür dəstək verdiyi Konfutsi İnstitutunun hazırda Azərbaycanın təhsil müəssisələrində və dövlət qurumlarında, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-da ümumilikdə 14 filialı fəaliyyət göstərir. İnstitutun əməkdaşları BDU şərqşünaslıq fakültəsində Çin dili və ədəbiyyatını tədris edir və yüksək ixtisaslı kadrların hazırlanmasında fəal iştirak edirlər. Ötən müddətdə BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun xətti ilə 150-ə yaxın bakalavr, magistr və doktorant Çinə təhsillərini davam etdirməyə, müxtəlif təlim proqramlarında iştirak etməyə göndərilib.
Akademik Abel Məhərrəmov Anxoy Universitetinin rəhbərliyini gələn il keçiriləcək Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirlərinə dəvət edib.
Azərbaycan ilə Çin arasında bütün sahələrdə yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu bildirən ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı bu münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətindən danışıb.
Sonra Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında Azərbaycanşünaslıq Mərkəzinə dair müqavilə imzalanıb. Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Anxoy Universitetinin rektoru Kuan Quanli imzalayıblar.
Sonra mərasim iştirakçıları Mərkəz ilə yaxından tanış olublar.