Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikası Milli Assambleyasının spikeri Tsveta Karayançeva ilə görüşüb.
Bizimaz.az: Bu barədə XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı tərəflər strateji tərəfdaşlığa əsaslanan iki dost ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunluqlarını bildiriblər.
Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri zamanı 4 mart 2015-ci il tarixində Sofiyada imzalanmış "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin əhəmiyyəti vurğulanıb.
Bolqarıstan Milli Assambleyasının spikeri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etmək məqsədilə 2018-ci ilin sentyabr ayında Azərbaycana səfərini məmnunluqla xatırlayıb.
Görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini təqdir ediblər.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm nəqliyyat və enerji layihələri, eləcə də Bolqarıstan şirkətlərinin sözügedən layihələrə cəlb olunması ilə bağlı fikir mübadiləsi aparan tərəflər iqtisadi əməkdaşlığın daha da inkişafı baxımından sözügedən sahələrin böyük potensiala malik olduğunu bildiriblər və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.