Xəbər lenti

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_liabbas.jpg“Oktyabrın 15-də çoxəsrlik tariximizə növbəti zəfər və qürur səhifəsi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın bu arzusunu da reallığa çevirdi.


İlk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdiyini böyük fəxr hissi ilə diqqətə çatdırdı. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünün, sentyabrın 19-da isə lokal antiterror tədbirləri nəticəsində qarşı tərəfin ağ bayraq qaldırması, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tarixin zibilliyinə atılması bütün ərazilərimizdə suverenliyimizin tam təmin edilməsi kimi tariximizə yazıldı. Oktyabrın 15-də isə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli Bayrağımızın dalğalanması hər birimiz üçün böyük xoşbəxtlikdir. Ölkə Prezidentinin Xankəndidən xalqa müraciətində qeyd etdiyi kimi, təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan addım-addım bu ana doğru irəlilədi: “Xankəndidə, Xocalıda Azərbaycan Bayrağının ucaldılması hər bir azərbaycanlının böyük arzusu idi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 30 illik işğal dövründəki çıxışlarına diqqət yetirsək sonda belə bir əminliyin ifadə olunduğunu görərik ki, xalqımız torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq. Azərbaycan Bayrağı bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq. Təbii ki, bu günü yaxınlaşdırmaq və reallığa çevirmək böyük qətiyyət, səylər tələb edirdi. Azərbaycan bu illər ərzində gücləndi. Ölkəmiz dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Hər bir ölkənin müstəqil siyasətində iqtisadi amilin rolunu önə çəkən Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi təbii resurslarından səmərəli istifadə edərək reallığa çevirdiyi enerji layihələrində özünün aydın ifadəsini tapır. Ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsini stimullaşdırdı. Dövlət başçımızın Xankəndidən xalqımıza müraciətində vurğuladığı kimi, elə bir güclü ordu yaratdıq ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Rəşadətli Ordumuz bunu 44 günlük İkinci Qarabağ müharibəsində, bu ilin sentyabrın 19-da cəmi 23 saat davam edən lokal  antiterror tədbirlərində nümayiş etdirdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu.”

Əliabbas Salahzadə onu da bildirib ki, bu günün xoşbəxtliyini Müzəffər Ali Baş Komandan İlham Əliyev  belə ifadə etdi ki,  son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, “Allaha şükür” deyir. Bu günü 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz inanırdıq ki, bu gün gələcək.

30 ildə xalqımızın böyük faciələrlə üz-üzə qaldığını, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını önə çəkən millət vəkili vurğulayıb ki, tarixi Zəfərimizdən sonra bu torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür: “Bir dənə də olsun tikili qalmayıb, hamısı yerlə-yeksan edilib. Ermənilər bu torpaqlardan Azərbaycan xalqının izlərini silmək üçün bütün tarixi və dini abidələrimizi dağıdıb. Amma unudurdular ki, izləri silməklə, tarixi saxtalaşdırmaqla özgə torpağına sahib olmaq qeyri-mümkündür. Ədalət gec-tez zəfər çalır. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlyümüzün və tarixi ədalətin bərpasına nail oldu. 2020-ci il 44 günlük Vətən müharibəsində şanlı Qələbəyə nail olan Azərbaycan 3 ildən sonra Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli bayrağımızın ucaldılmasının qürurunu yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndindən bu çağırışı etdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Əliabbas Salahzadə bildirib ki, Prezident-Xalq-Ordu birliyi xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz həyatının dirçəliş mərhələsini uğurla yaşayır: “Dövlətimizin başçısının qeyd edilən səfəri çərivəsində atılan addımlara diqqət yetirmək kifayətdir. Bu səfər, eyni zamanda, 17 oktyabr Füzuli Şəhəri Gününə təsadüf etdi. Cənab İlham Əliyev oktyabrın 16-da Füzuliyə səfəri zamanı bir çox sosial obyektlərin təməlqoyma mərasimində iştirak etdi. Arxada qalan hər gün Böyük Qayıdış Proqramının icrasının tam şəkildə başa çatmasını yaxınlaşdırır. İşğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı bir daha belə bir çağırışı özündə ehtiva edir ki, bu torpaqlar bizimdir və burada daimi olacaq, qurub-yaradacağıq.”

 
Gununxeberi.az 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov