Düz 20 il bundan əvvəl, 15 oktyabr 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevi ölkənin Prezidenti seçərək öz gələcəyini ona etibar etdi. Sabitlik və inkişafın rəmzinə çevrilmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bugünkü Azərbaycan bu tarixi seçimin düzgünlüyünün ən yaxşı təsdiqidir.
Hələ 20 il bundan əvvəl Prezident İlham Əliyev geosiyasi tendensiyaları görərək ölkənin hansı istiqamətdə hərəkət etməli və strateji prioritetlərin harada müəyyən edilməli olduğunu bilirdi: Azərbaycan güclü iqtisadiyyat formalaşdırmalı, peşəkar və hərtərəfli təchiz edilmiş ordu qurmalı və dünya arenasında öz layiqli yerini tutmalı idi. Ölkə yalnız bu cür regionun lideri və böyük dünya siyasətinin aktoru ola bilərdi
Artıq 2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə regionların inkişafı üzrə ilk Dövlət Proqramı qəbul edilir. İlham Əliyev özü sonralar bu Dövlət Proqramını ilk ən ciddi siyasi qərarlardan biri adlandırıb, regionların inkişafı üzrə dövlət proqramları isə özlüyündə nəinki milli iqtisadiyatın inkişafının əsaslandığı təməl rolunu oynadı, həm də Azərbaycan tarixində ilk dəfə olaraq Bakı ilə ölkənin digər rayonları arasında infrastrukturun inkişafı baxımından qeyri-tarazlığı aradan qaldırıb.
Prezident İlham Əliyevin dövlət siyasəti ölkə qarşısında duran yeni çağırış və vəzifələrin həllinə yönəlmişdi. Prezident İlham Əliyev ölkəmizin yolunu dərhal müəyyən etdi: Azərbaycan transformasiya olunaraq inkişaf etmiş, müasir dövlətə çevrilməli, ardıcıl şəkildə siyasi, iqtisadi və sosial islahatların keçirməli idi.
Bunların həyata keçirilməsi üçün hələ 2004-cü ildə Prezident İlham Əliyev "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya"nı təsdiq etdi. Strategiya neft sektorundan gələn gəlirin qeyri-neft sektorunun inkişafına yönəldilməsini nəzərdə tuturdu.
Sonrakı illər davamlı inkişaf illəri oldu: Azərbaycanda 2 milyondan çox iş yeri, yüzlərlə yeni istehsalat müəssisəsi açıldı, kənd təsərrüfatının bir zamanlar boş qalmış ənənəvi sahə və istiqamətləri bərpa olundu. Yoxsulluq aradan qaldırıldı və həssas əhali qrupları üçün çoxsəviyyəli sosial dəstək sistemi icra edildi.
Bununla yanaşı, ölkəmizin qlobal bazarlarda mövqeyi də möhkəmlənirdi: Azərbaycan Cənub Qaz Dəhlizi (CQD) layihəsini həyata keçirməklə faktiki olaraq Avropanın enerji xəritəsini yenidən cızdı. Qitədəki ən iddialı layihələrdən biri olan bu layihə sözün əsl mənasında zamanın önünə keçdi. Bir çox skeptiklər və Azərbaycanın "yaxşılığını istəyənlər" CQD-nin inşasının və icrasının real olmayacağını deyirdi, Azərbaycan isə əksini sübut etdi. Sonralar, Avropada böhran baş verəndə isə, Bakının elə həmin tənqidçiləri Azərbaycan qazının öz istehlakçılarına tədarükü ilə bağlı danışıqlar aparmaq məqsədilə növbəyə düzüldülər.
Neft strategiyası və neft-qaz gəlirlərinin idarə olunması konsepsiyası ölkə iqtisadiyyatını yenidən formalaşdırdı: 2003-2022-ci illərdə Azərbaycanda ümumdaxili məhsul (ÜDM) 7,3 milyard ABŞ dollarından 78,7 milyard dollara, dövlət büdcəsinin xərcləri isə 1,2 milyard manatdan 36,6 milyard manata çatdı! Ölkənin strateji valyuta ehtiyatları 47 dəfədən çox artaraq,1,4 milyard dollardan 66,1 milyard dollara çatdı. 2003-cü ildə orta əmək haqqı cəmi 77,4 manat idisə, 2022-ci ildə 839,4 manat oldu. Görünməmiş rəqəmlərdir!
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xarici siyasətdə öz mövqeyini möhkəmləndirdi. Hələ 2011-ci ildə Azərbaycanın 155 səslə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini və iki il ərzində dünyanın böyük dövlətləri ilə yanaşı öz öhdəliklərini uğurla icra etdiyini xatırlamaq kifayətdir. Bu hadisə ölkəmizin və liderinin nüfuzunun dünya arenasında qlobal səviyyədə tanındığının ən mühüm təsdiqidir.
2019-cu ildə isə Azərbaycan yekdilliklə dünyanın ikinci ən böyük strukturu olan Qoşulmama Hərəkatının sədri seçildi. Prezident İlham Əliyevin sayəsində Qoşulmama Hərəkatı ikinci nəfəs qazandı, dirçəldi və qlobal strukturlardan biri olaraq yenidən əhəmiyyət qazandı. Azərbaycanın Qoşulmama Hərəkatının dirçəlməsindəki rolu o qədər yüksək qiymətləndirildi ki, təşkilat ölkəmizin sədrliyini daha bir il müddətinə uzatdı.
Dövlət başçısının siyasətinin ən mühüm istiqamətini Azərbaycan ordusunun əsaslı şəkildə modernləşdirilməsi təşkil etdi. Prezident İlham Əliyev özü ordu quruculuğunun təbii prioritet olduğunu vurğulayırdı, çünki Azərbaycan uzun illər ərzində erməni işğalçıları ilə mübarizə aparıb. Bu istiqamətdə də nəhəng yol qət edilib.
Azərbaycanın hərbi büdcəsi 2003-cü ildən etibarən 15 dəfədən çox artıb ki, bu da ölkənin Silahlı Qüvvələrinin ən müasir texnika və silahlarla təchiz olunmasına imkan verdi. Bundan başqa, ölkədə sıfırdan yeni müdafiə sənayesi yaradıldı, 20-dən çox hərbi zavod və müəssisə inşa olundu. Bu gün onlar 1200-dən çox müxtəlif növ hərbi təyinatlı məhsul buraxırlar.
Azərbaycan ordusunun hərbi potensialı, hərbçilərin peşəkarlıq səviyyəsi də əhəmiyyətli dərəcədə artıb. Hərbçilərin və onların ailələrinin təminat və sosial yardım sistemi təkmilləşdirildi, regionda qeyd-şərtsiz lider olan Azərbaycan ordusu isə dünyanın 100 ən güclü ordusu arasına daxil oldu.
Ordunun modernizasiyası ölkə başçısının əsas missiyasının - ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin - icrasında yekun mərhələ olmaqla, Prezident İlham Əliyevin adını Azərbaycan xalqının tarixinə əbədi həkk etdi. Vətən müharibəsində qələbə dövlət başçısının iqtisadi, xarici siyasət və müdafiə strategiyasının məntiqi nəticəsi oldu. Prezident İlham Əliyev sayəsində ölkəmiz postsovet dövlətləri arasında çox az ölkədəndir ki, həm bəşəriyyətə qarşı cinayətlərdə və etnik təmizləmələrdə təqsirkar olan hərbi cinayətkarları məsuliyyətə cəlb edə bilib.
Prezident İlham Əliyev azərbaycanlıların bir neçə nəslinin faciə və müsibətlərinə səbəb olmuş problemi birdəfəlik həll etdi, indi isə bu insanların və onların övladlarının arasından minlərlə insan işğaldan azad olunmuş Qarabağa və Şərqi Zəngəzura qayıdırlar. Yüzlərlə yaşayış məntəqəsinin bərpasını əhatə edən 2022-2026-cı illər üzrə "Böyük Qayıdış" dövlət proqramı qəbul olunub. Artıq onlardan 52-nin konseptual layihəsi hazırlanıb, Prezident İlham Əliyev şəxsən 29 yenidən qurulmuş şəhər və qəsəbənin təməlini qoyub. Bundan başqa, müharibə bitdikdən cəmi il yarım sonra - 19 iyul 2022-ci ildən etibatən keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə qayıtmağa başlayıblar. Bütünlükdə bu müddət ərzində artıq 679 ailə, yəni 2700-dən çox insan doğma torpaqlarına qayıdıb. İlin sonunadək təqribən 1400 ailənin, yəni 5 mindən çox insanın qayıdacağı gözlənilir.
Qarabağ və Şərqi Zəngəzur yenidən formalaşır, xarabalıqdan yenidən doğulur. Qısa müddət ərzində Füzulidə və Zəngilanda aeroportlar inşa edildi, Laçında aeroportun inşası başa çatmaq üzrədir. Yüzlərlə kilometr yol salınıb, Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisi davam edir. Bu yollar bölgənin iqtisadiyyatının təşkil olunması prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Bundan başqa, bölgədə artıq 12 yeni elektrik stansiyası istismara verilib, digər zəruri infrastruktur bərpa olunub. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur normal həyata, inkişafa qayıdır. Artıq onların da ölkənin bütün digər əraziləri ilə birgə işıqlı, uğurlu və qələbələrlə dolu gələcəyi var.
Azərbaycan Respublikasında dövlətçiliyin beşinci dövrü ən uğurlu oldu. Yəqin ki, yalnız bizim övladlarımız Prezident İlham Əliyevin etdiklərinin tarixi miqyasını tam ölçüdə qiymətləndirə biləcəklər. Ölkəmizin tarixində dövlətin bütövlüyünü bərpa etmiş, onun uzunmüddətli inkişaf strategiyasını həyata keçirmiş, ətrafında milləti birləşdirmiş və milyonlarla soydaşını Qələbəyə doğru aparmış ikinci bu cür lider olmayıb.
Prezident İlham Əliyev ölkə lideri, tarixi miqyaslı şəxsiyyət, dünya səviyyəli siyasətçi, ölkəni işğalçılardan təmizləmiş Müzəffər Ordunun Ali Baş Komandanı, olduqca müasir Silahlı Qüvvələri formalaşdırmış, dövlətin ərazi bütövlüyünü bərpa etmiş və bütün dünyaya Azərbaycan dövlətinin gücünü göstərmiş, ölkəsinin nüfuzunu və Azərbaycan cəmiyyətinin dəyərini yüksəltmiş bir Prezidentdir.
Emin Əliyev
(Tərcümə: Rəna Əbdürəhmanova