Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinqdə deyib.
O qeyd edib ki, bu cür qeyri-dost xarakterli bəyanatlar səsləndirilməməlidir.
Zaxarovanın sözlərinə görə, bu cür bəyanatlar qəbulolunmazdır və zərərlidir, çünki normallaşma vəziyyətini korlayaraq, gərginləşdirə və pisləşdirə bilər.
"Bu, iki ölkənin Rusiyanın vasitəçiliyi ilə razılaşdığı hər şeyin reallaşmasına mane olacaq. Bu cür bəyanatlar tənzimləmə planının icrasına zərər yetirir", - deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Paşinyan vəziyyətin tənzimlənməsinə dair bütün bəyanatların "əsassız" olduğunu bildirərək, bununla da faktiki olaraq Azərbaycanla danışıqlar prosesindən çıxdığını bəyan edib.
Bundan başqa, guya "Dağlıq Qarabağ" adı altında ərazi vahidinin mövcud olduğunu xatırlatmaqla Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair özünün bütün bəyanatlarını heçə sayıb.