Xəbər lenti



Həkim olmaq məsuliyyətdir

 

“Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyir. Heç  bir  peşədə  Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır.”

Heydər Əliyev

 

 

 

 Həkim - bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına xidmət göstərən insandır. Həkim peşəsi olduqca çətin və məsuliyyət tələb edən bir peşədir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu geniş ruhiyyə və insanlığa dərin məhəbbət tələb edir. Bəli, öz peşəsinin vurğunu olan Hippokrat andını lazımınca yerinə yetirən həkimlərimiz çoxdur. Hippokrat andına sadiq qalaraq  öz peşəsini sevən və illər ərzində göstərdiyi xidməti sayəsində insanların böyük hörmətini və sevgisini qazanmış  həkimlərimizdən biridə  Nəsibə  xanım Quliyevadır.

 Nəsibə Köçəri qızı Quliyeva (Kəngərli) 1962-ci il fevral ayının 10-da Tərtər rayonunda ziyalı ailəsində anadan olmuşdur. Ailədə 5 uşaq olublar, 2 qardaş, 3 bacı. Nəsibə xanım ailənin sonbeşiyi olub. Atası Köçəri Quliyev  bir çox rəhbər vəzifələrində çalışıb. 1962-ci ildən uzun  illər  kolxoz sədri işlədikdən sonra,  xalqın etimadını qazandığına görə  millət vəkili seçilmişdir. Ulu öndər Heydər Əliyev  tərəfindən  dövlətə və xalqına  sədaqətlə  xidmət etdiyinə görə  bir çox fəxri medallarla və 1970-ci ildə “Lenin ordeni” ilə təltif olunmuşdur. Anası Zümrüd xanım isə evdar qadın  olsa da,  gözəl  səsi  və  rəqs etmə bacarığı olub.  Buna görə də  Nəsibə  xanım  hələ orta  məktəbdə oxuyarkən  musiqiyə, ədəbiyyata böyük həvəsi olub. Orta məktəbdə keçirilən hər bir yarışmalarda  birinciliyi  qazandığı üçün müəllimləri ona xüsusi diqqət yetiriblər. Nəsibə xanımın həm də gözəl şeir demə qabiliyyəti də olub. Bu bacarıq və istedadına görə, bütün rayon tədbirləri  Nəsibə xanıma həvalə edilmişdir. O, isə  hər bir tədbirə öncədən hazırlıqlı olaraq məsuliyyətlə yanaşıb. Buna görə də  tədbir və rayon yarışmalarında birinciliyi əldə etdiyinə görə, məktəbin direktoru və müəllim kollektivinin Nəsibə xanıma qarşı sevgi və qayğıları əvəzsiz olub. 



Nəsibə xanım Quliyeva 7-8-ci sinifdə oxuyarkən qələmə aldığı  hekayələr, şeirlər və məqalələri  “Qızıl Bayraq” rayon qəzetində və  “Azərbaycan Gəncləri” qəzetində dəfələrlə dərc edilmişdir. Baba yurdu olan Kəngərli  kəndinin adını isə özünə təxəllüs kimi götürmüşdür.

 Nəsibə xanım Quliyeva 1979-cu ildə 6 saylı orta məktəbi qızıl medalla bitirdikdən  sonra,  Azərbaycan Dövlət Tibb Universitetinin  2-ci müalicə profilaktika  fakültəsinə daxil olmuş, 1986-cı ildə oranı müvəffəqiyyətlə bitirərək müalicə işi üzrə ixtisasa yiyələnmişdir. 1986-1987-ci illərdə ixtisası üzrə internatura keçmişdir. 1988-1995-ci illər ərzində 16 saylı tibbi sanitar hissədə həkim-terapevt kimi çalışmış, 2008-ci ildə götürdüyü elmi işi müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 1995-ci ildən Akademik M.Ə. Mirqasımov adına Respublika  Klinik  Xəstəxanasında  həkim-terapevt  kimi fəaliyyət göstərir.  Onun 15 elmi məqaləsi bir çox elmi konfransların  materiallarında və müxtəlif  tibb  jurnallarında çap edilmişdir. Nəsibə xanım 2020-ci ilin may ayında Ankarada Başkent Universiteti Xəstəxanasında exokardioqrafiya və koronar reanimasiya şöbəsində nəzəri və praktiki təcrübə proqramını müvəffəqiyyətlə tamamlamış  və professor  İ.Haldun  Müderrisoğlu  tərəfindən  sertifikatla təltif olunmuşdur. Nəsibə xanım Quliyeva  2020-ci ilin iyun ayından Yeni  Klinikaya ezam olunaraq  1 il 3 ay çox ağır və gərgin günlərdə fasiləsiz çalışaraq, COVİD-19-la mübarizə aparan qəhrəman həkimlərimizdən biridir. Azərbaycan və Avropa Kardioloqlar Cəmiyyətinin üzvü, həmçinin Azərbaycan Hepatoloqlar və Qastroentoroloqlar İctimai Birliyinin üzvüdür. Nəsibə xanım həm də iki şeir kitabının və bir neçə mahnının da müəllifidir. Bir oğlu, bir qızı və iki nəvəsi var. Biz də Nəsibə xanıma  həkimlik borcunu ləyaqətlə yerinə yetirdiyinə görə, ona can sağlığı, şərəfli peşə yolunda böyük uğurlar arzu edirik.

 Afət İlkin

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov