Prezident İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Müəyyən edilir ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
Oxu.Az Z.Mikayılov dosyesini təqdim edir:
O, 1974-cü ildə Şamaxı şəhərində anadan olub. 1999-cu ildə Türkiyə Cümhuriyyətinin Boğaziçi Universitetinin Biznesin idarə olunması fakültəsini bitirib.
Z.Mikayılov 1999-2009-cu illərdə telekommunikasiya sahəsində mobil operatorlarda marketinq meneceri, baş kommersiya müdiri, baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb. 2009-2016-cı illərdə “Paşa İnşaat” şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib.
Sədr 2016-2018-ci illərdə “Agro Dairy” MMC-də Baş Menecer vəzifəsində çalışıb. 2018-2021-ci illərdə “Azərbaycan Supermarketləri” MMC-də İcraçı direktor vəzifəsində çalışıb.
2021-ci ildən indiyədək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri kimidir.
Ailəlidir, üç övladı var.
Qeyd edək ki, İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.