“İcra hakimiyyətlərinin ləğv edilməsi məsələsi çoxdan gündəmdir. Dəfələrlə bu məsələyə toxunmuşam. Demişəm ki, artıq icra hakimiyyəti orqanlarının vəzifəsi səlahiyyətli nümayəndələrə verilməlidir".
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
“Çünki bu, faktiki olaraq Qarabağda özünü müsbət bir məqam kimi göstərdi və hazırda orada müsbət işlər görülür. Odur ki, bütün Azərbaycan ərazisində bu həyata keçirilməlidir”, - deyə o əlavə edib.
Deputat Prezident İlham Əliyevin Məsim Məmmədovu Laçın rayonuna Prezidentin səlahiyyətli nümayəndəsi təyin etməsindən sonra analoji prosesin Azərbaycanın digər rayonlarında da həyata keçiriləcəyini bildirib:
“İstərdim ki, Azərbaycandakı 14 iqtisadi rayonun hər birinin rəhbərliyinə dövlət başçısının səlahiyyətli nümayəndələri təyin olunsun. Onlar investisiya yatırımları ilə yanaşı, əhalinin sosial problemləri ilə məşğul olsunlar.
Digər tərəfdən, bələdiyyələrə daha çox səlahiyyət verməliyik”.
V. Əhmədov hesab edir ki, səlahiyyətli nümayəndənin təyin edilməsi müsbət haldır və bu proses bütün Azərbaycanı əhatə etməlidir:
“Yeni sistemdə kadrlar dəyişdirildi, hər bir nümayəndə təyin olunanda Prezident ona göstərişlərini verir, müəyyən problemlərin olduğunu onun nəzərinə çatdırır. Deyir ki, gedin, işləyin, əhalinin xidmətində olun. Bu da artıq o insanların özlərindən və əhali ilə təmaslarından asılıdır. Sözsüz ki, yeni sistem korrupsiyanın da qarşısını müəyyən qədər ala bilər”.