Bəzi ölkələrdə koronavirusa yoluxaraq ölənlərin sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə bildirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, son iki ay ərzində koronavirusdan 170 mindən çox insan həyatdan köçüb.
COVID-19-dan ölənlərin sayının artması, hərra bir neçə ölkəni karantin qaydalarını sərtləşdirməyə vadar edib.
Bu durumda bizi nə gözləyir?
Tibb elmləri doktoru Adil Qeybullanın Bakıvaxtı.az-a dediyinə görə, nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası hələ bitməyib: “Ümumdünya Səhiyyə Təşkilatının virusun bitməsi ilə bağlı verdiyi heç bir raport yoxdur. Mutasiya prosesi hələ davam edir".
Onun sözlərinə görə, prosesin bu dərəcədə uzanmasının bir səbəbi də ÜST-ün bütün ölkələrdəki prosesi vahid protokol üzrə idarə edə bilməməsi oldu: "Yəni, ölkələrarası əlaqələr, ümumi göstərişlərə əməl olunması, səhiyyənin səviyyəsi, virusun orqanizmdə qalması, mutasiya imkanlarının yüksək olması prosesin indiyə qədər davam etməsi ilə nəticələndi”.
A.Qeybulla vurğulayıb ki, əvvəlki vaxtlarla müqayisə etsək, virusun ağırlaşma qabiliyyəti xeyri aşağı düşüb:
“Bu da göstərir ki, pandemiya sona doğru gedir. Amma nə qədər ki, pandemiya bitməyib, şərtlərə uyğun olaraq qaydaları yumşalda və ya sərtləşdirə bilərik”.
Aytac Aslan