Xəbər lenti



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.

Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bir daha sübüt etdi ki,bu günədək verdiyi bütün sözləri layiqincə yerinə yetirib. Onun Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağı, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəyi xalqına gün kimi aydındır.

Ölkəmiz regionda söz sahibidir

Dövlət başcısının dediyi kimi 2022-ci ilin mənzərəsi göstərir ki, ötən il ölkəmiz üçün uğurlu dövr olub. Bu dövrdə qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib, respublikamız özünün strateji məqsədlərinə doğru inamla addımlayıb.Onun 44 günlük Vətən müharibəsindən sonra aparılan danışıqlar barədə verdiyi cavab bir daha sübüt etdi ki, Azərbaycan xalqı nəyinki Qarabağ münaqişəsində,regionda artıq söz sahibidir.Prezidentin dediyi bu sözləri bütün dünya eşitdi; 

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə,Ermənistan həmişə buna istinad edir,bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik".

Birləşdik,bütövləşdik

 Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

 Sülh müqaviləsi qacılmazdı

 Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. 

Onu da bildirək ki, tarixi qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşması üçün geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir. Danışıqlarda ilk növbədə iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsi, iqtisadi-nəqliyyat kommunikasiyalarının bərpası, o cümlədən Zəngəzur dəhlizinin işə salınması, minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi və ümumən tarix sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılması ətrafında məsələlərin müzakirə edilməsi mümkün variant olaraq nəzərdə tutulur. Taleyüklü razılaşmaların əldə edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Bu isə öz növbəsində bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitini formalaşdırar.

İlk müjdə sosial sfera ilə bağlı oldu

Prezident müsahibəsində sosial islahatlarla bağlı verdiyi anonslar az kecmədi ki, təsdiqini tapdı. İlin əvvəlində Prezident İlham Əliyevin imzaladığı sənədlərdən məhz sosial sfera ilə bağlı oldu. Dövlət başçısı 5 yanvar 2023-cü il tarixində “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. Bəhs olunan sənəd Azərbaycan dövlətinin ölkədə əhalinin rifah halının yaxşılaşdırılmasına necə böyük önəm verdiyini bir daha təsdiqləyir. Sərəncam respublikamızda  son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.

İslahatlar davam edəcək

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl islahatlar aparılır. Xüsusilə də, son illərdə dünyada baş verən bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş Azərbaycana da təsirsiz ötüşmədiyi faktını nəzərə alınmaqla respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının bu təsirlərdən qorunması üçün zəruri və məqsədyönlü addımlar atılır. Elə Prezident İlham Əliyevin ili əvvəlində imzaladığı sərəncamlar da bu baxımdan istisna təşkil etmir.

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan  345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. 

165 min təhsil işçisinin əmək haqqı artırıldı

Təhsil işçilərinin sosial müdafiəsinə gəldikdə, yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Artımların edilməsi məqsədilə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılıb.

Onu da qeyd edək ki, son üç ildə ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Sonuncu artımla 250 manat olub, yeni sosial islahatla isə 300 manat təşkil edəcək. Bəllidir ki, minimum əməkhaqqı artımı əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır.

Bütün bunlar sosial islahatların məzmun və statistikasının müəyyən bir hissəsini əhatə edir. Ümumi olaraq demək mümkündür ki, artım bütün sahələrə, kateqoriyalara aiddir.Vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına xidmət edir, dövlətin etibarlı sosial müdafiə siyasətinin ön planda olmasından xəbər verir. 

 Vətəndaş rifahının təminatı, ölkə əhalisinin sosial müdafiəsi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində dayanır və ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istqiamətində ardıcıl islahatlar aparılır. 2023-cü il sosial islahatların həyata keçirildiyi növbəti illərdən biri olacaqdır.



Ceyhun Cahangirov

 Goranboy rayon Quşcular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru,

YAP Goranboy rayon təşkilatının fəalı.

 

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov