“Heyvanların identifikasiyası həyata keçiriləcəkdi, bununla da küçə kəsimlərinə, at-eşşək ətinin satılmasına son qoyulacaqdı. Lakin görürük ki, son qoyulmur”.
Bunu Bakıvaxtı.az-a AQTA İctimai Şuranın üzvü, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov küçədə heyvan kəsimlərinə etirazını bildirərkən deyib.
Onun sözlərinə görə, bu barədə dəfələrlə İctimai Şuranın iclaslarında məsələ qaldırsa da, problem həll olunmamış qalıb:
“Mən dəfələrlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində dönərxanalardakı vəziyyətin ağır olması ilə bağlı məsələ qaldırmışam və sədr müavini Rəşad Mafusov məni inandırıb ki, yaxın zamanda bu məsələlər həll olunacaq”.
AİB sədri AQTA-nın irad bildirdiyi məsələ ilə bağlı hədəflərə nail ola bilmədiyini qeyd edib: “AQTA-nın Əsasnaməsinə baxsaq, görəririk ki, orda təkcə qidanın təhlükəsizliyinin təmin olunması yox, eləcə də Azərbaycan mallarının xaricu bazara çıxarılmasında böyük rol oynamalıdır”.
Eyyub Hüseynovun sözlərinə görə, AQTA hələ ki, ancaq Rusiya bazarı ilə fəal iş görür, Avropaya malların çıxarılması üçün iş görülübsə də İctimai Şuranın bundan xəbəri yoxdur:
“Yəni, digər dövlət qurumları kimi AQTA da müəyyən işlər görməli, qrantlar elan etməlidir. Burda medianın da müstəsna rolu var. Təəssüflər olsun ki, AQTA heç mediada gedən materialları izləmir. Bir sözlə, AQTA ictimai rəyə tüpürür. Bu məsələni İctimai Şuranın yığıncaqlarında da bildirmişəm. Media nümayəndələri bütün gün qarışqa kimi informasiya axtarır, dərc edir, efirə verir. Mən onlara suallar ünvanlamışam: “Nə üçün AQTA medianı təqib etmir, onlara təşəkkür məktubu yazmırsınız, demirsiniz ki, hadisə harda baş verib biz də araşdıraq?””
Onun fikrincə, nə qədər ki, dövlət qurumları, o cümlədən, AQTA jurnalistlərin işinə əhəmiyyət vermir, təqib etmir, cəmiyyətdə problemlər yaşanacaq: “Ona görə də həmişə demişəm ki, AQTA hədəflərinə çatmaq üçün qrant müsabiqələr elan etsin və orda vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər iştirak etsin”.
Nuranə Daxilqızı