Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıvan Muxtar Respublikası sakinlərinin ASAN Xidmət mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişdirməsi mümkün olacaq.
ASAN Xidmət Mərkəzlərində Naxçıvan qeydiyyatında olanlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.
Qeyd edək ki, indiyədək Naxçıvan sakinlərinin şəxsiyyət vəsiqələrini dəyişdirməsi ildə bir neçə dəfə yalnız Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində və ya Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilirdi. Bu da istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini və ya digər sənədlərini dəyişdirmək istəyən vətəndaşlar üçün əlavə çətinlik və vaxt itkisinə səbəb olurdu.
***
DİN-in Mətbuat xidməti də məsələ ilə bağlı məlumat yayıb:
"Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar etibarlılıq müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişdirilməsi, həmçinin köhnə nəsil şəxsiyyət vəsiqələrinin yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi üçün ASAN Xidmət mərkəzlərinə müraciət edə bilərlər".
***
ASAN Xidmət də məsələ ilə bağlı məlumat yayıb. Bildirilir ki, yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə xidmətlər göstərilir.
Müvafiq xidmətlər barədə daha ətraflı:
• Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması və oğurlanması halı ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin ad, soyad, ata adının dəyişdirilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısının (çipinin) korlanması ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin qan qrupu, göz rəngi və boy ilə bağlı məlmatlarda dəyişiklik edilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi.
Vətəndaşlarımızdan əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaları, mərkəzlərdə növbə gözləmədən xidmətlərdən yararlanmaları məqsədilə "ASAN növbə" mobil tətbiqindən istifadə etmələri xahiş olunur.
Eyni zamanda mərkəzlərə birbaşa müraciət zamanı Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə üstünlük vermələri tövsiyə edilir.