Xəbər lenti



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına və birinci xanıma Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

 

Bildirilib ki, “STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur.

Qeyd edək ki, müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında bir çox mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir. Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, “STEAM Azərbaycan” layihəsinin davamı olan “STEAM İnnovasiya Mərkəzi”nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.

Məlumat verilib ki, bu Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.

Bu Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.

 

 

 












 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Mərkəzdə yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, 1937-ci ildə Bakıda S.Vəlixanlı küçəsi 3 ünvanında yerləşən binada Mərkəzi Pionerlər Sarayı yaradılıb. Bundan məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsədəuyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub.

 İlk vaxtlar sarayda texniki yaradıcılıq, bədii tərbiyə, təsviri sənət, fiziki tərbiyə üzrə dərnəklər fəaliyyət göstərib. 1946-cı ildə sarayda xoreoqrafiya, xalq çalğı alətləri, qarmon ifaçıları və xor kollektivlərindən ibarət mahnı və rəqs ansamblı yaradılıb. Bəstəkar Qəmbər Hüseynli ansambl üçün “Cücələrim” mahnısını yazıb. Məhz bu səbəbdən 1959-cu ildə kollektiv "Cücələrim” adlandırılıb.

Təqribən 15 il sonra -1961-ci ilin aprelində dünyanın ilk kosmonavtının şərəfinə saraya Yuri Qaqarinin adı verilib. Nazirlər Kabinetinin 18 dekabr 1991-ci il 427 saylı qərarına əsasən Y.Qaqarin adına pioner və məktəblilər sarayının adı dəyişdirilib, Tofiq İsmayılov adına Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı adlandırılıb.

Nazirlər Kabinetinin 2016-cı il 1 noyabr tarixli qərarına uyğun olaraq Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Tofiq İsmayılov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birləşdirilərək onların bazasında Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, bu il isə ona publik hüquqi şəxs statusu verilib.

Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ildə əsaslı təmir edilib. İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq.

 

 






 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov