Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov da həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
Hicran Rüstəmov 2017-ci il yanvarında bu vəzifəyə təyin edilib. Bunu nəzərə alsaq deyə bilərik ki, H.Rüstəmov şənbə, bazar və bayram günləri də daxil olmaqla, vəzifədə olduğu hər gün üçün 97.5 min manat vəsait mənimsəyirmiş. Fantastik görünsə də, rəqəmlər bunu deyir.
“Qafqazinfo” olaraq məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin mövqeyini öyrəndik. O, hər hansı bir məmurun təkbaşına bu qədər vəsaiti mənimsəməsinə inanmadığını bildirib: “Rəsmi məlumat və rəqəmlər bu formada açıqlanıb. Lakin mən inanmıram ki, Naxçıvan kimi bir bölgədə hansısa məmur, hətta səlahiyyətləri olsa belə, bu qədər vəsaiti təkbaşına mənimsəsin. Bu, absurd və məntiqsiz səslənir. Naxçıvanın ümumi rəhbərliyinin birbaşa iştirakı və xəbəri olmadan bu qədər vəsaiti mənimsəmək, dövlətə bu qədər ziyan vurmaq mümkün deyil. Ona görə də düşünmürəm ki, bir tək o məmurun cəzalandırılması və ya həbsi məsələnin kökünə qədər gedib çıxmasına yetərlidir”.
Ekspert xatırladıb ki, son zamanlar ard-arda Naxçıvanda məmurların kütləvi şəkildə pul mənimsəməsinə dair məlumatları eşidirik: “Naxçıvanın özünün prokurorluq, hüquq-mühafizə orqanları, məhkəmə hakimiyyəti var. Bu nəzarətedici qurumlar hara baxır? Əgər Muxtar Respublikada bu qədər problemlər, yeyintilər olubsa, onun nəzarətedici orqanları da bunun necə baş verməsinə dair cavab verməlidirlər. Üstü açılan işlərdə qeyd olunan vəsaitləri toplasaq, görərik ki, söhbət artıq yarım milyard manatdan artıq vəsaitdən gedir. Yəni bu qədər vəsaitin mənimsənilməsi zamanı həmin bölgənin hüquq-mühafizə və nəzarətedici orqanları hara baxıb? Axı Naxçıvan Ali Məclisinin ayrılmış vəsaitlərə nəzarətetmə səlahiyyətləri var. Həbslərə, mənimsəmələrə dair xəbərlərin çoxalması bu tipli sualları gündəmə gətirir. Mənə elə gəlir ki, Naxçıvan Muxtar Respublikasının idarəetmə formasında olan qüsurlar üzə çıxdıqca, bu idarəetmə formasının dəyişdirilməli məsələsi daha da aktuallaşır”.
Eldar Tanrıverdi