“2020-ci il noyabr ayının 10-da imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bu tarixi əhəmiyyət kəsb edən sənədin imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə düşmənin texnikası tam məhv edən, canlı qüvvəsinə ciddi zərbə vuran Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. İki il bundan öncə Azərbaycan xalqı öz adını tarixə qalib xalq kimi yazı.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Öz fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın həm döyüş meydanında, həm də danışıqlar masası arxasında tam qələbə qazandığı təsdiq olundu: “Vətən müharibəsinin ən önəmli nəticəsi əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi oldu. Həm də Azərbaycan mövcud status-kvonu məhz özünə sərf edən şəkildə dəyişdirərək itirilmiş ərazilərini geri qaytardı. Bu gün artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi vahidi mövcud deyil. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir. Artıq Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq əqidəyə və gec-tez öz amalına qovuşacaq gücə sahibdir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Üçtərəfli Bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın maraqlarına uyğundur. Daha bir diqqətəlayiq hal budur ki, yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi bu gün aparıcı dünya ölkələrinin silahlı qüvvələri tərəfindən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada maraq doğurub.”
Daha sonra E.Süleymanov 10 noyabr tarixli Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlardan bəhs edərək bunları deyib: “İlk növbədə ən önəmli məqamlardan biri kimi qeyd olunmalıdır ki, imzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşəcək. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Həmçinin 10 noyabr Bəyanatının imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən qaytarılması böyük nailiyyətdir. Bundan başqa, imzalanmış Bəyanat qardaş Türkiyənin regionumuzda mövqelərinin daha da möhkəmlənməsinə səbəb oldu. Məlum olduğu kimi, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir və məhz Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. 2021-ci il iyunun 15-də iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin imzalanması ilə bu münasibətlər artıq müttəfiqlik səviyyəsinə yüksəldi. 10 noyabr Bəyanatının ölkəmizə verdiyi siyasi üstünlüklərə həmçinin sərhədlərin delimitasiyasına razılıq əldə olunması və məsələ ilə bağlı müvafiq Komissiyaların yaradılmasını, sülh sazişi layihəsinin hazırlanması gündəliyi müəyyən olunmasınıaid etmək lazımdır. Əlbəttə ki, 10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin bir çox yeni iqtisadi uğurlarının da əsası qoyuldu. Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi bu gün tam vüsətlə davam edir. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu gün ölkəmizdə keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.
Belə bir son dərəcə vacib məqamı da qeyd etmək lazımdır ki, məhz Üçtərəfli Bəyanatın imzalanmasından sonra beynəlxalq səviyyədə Azərbaycanın mövqelərini möhkəmləndirən daha bir neçə əhəmiyyətli sənədlər imzalandı. O cümlədən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin cari ilin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanat Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Ölkəmizin Suverenliyini tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanımış oldu. Həmçinin bu fakt Azərbaycan Respublikası Prezidentinin,Ermənistan Respublikası baş nazirinin vəRusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci iltarixli Bəyanatında da təsbit olunur. Həmin
Bəyanatda qeyd olunur ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Nəhayət ən vacib məqamlardan biri də budur ki, Vətən müharibəsindən sonrakı dövrdə məsələ ilə bağlı imzalanmış bütün bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsindən qətiyyən istifadə olunmur. Bu isə Azərbaycanın ərazi suverenliyinin tanımasının ən bariz sübutudur”, - deyə Eltun Süleymanov fikirlərini tamamlayıb.
aia.az