Oktyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyinə həsr olunan konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri düzüblər. “Baku Marriot Hotel”də davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini özündə əks etdirən film nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qalib Azərbaycanın bugünkü uğurlarının fonunda dünənimizə nəzər salaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillərdən bəhs edib: “Partiyanın yaradılmasından ötən 30 illik zaman məsafəsi dünənimizə baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür. İllər biri-birini əvəzlədikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur və düzgün qiymətləndirmənin aparılması üçün daha geniş imkanlar yaranır. Yeni Azərbaycan Partiyasının yaradılmasının səbəbi xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciətinin adında özünün aydın ifadəsini tapır "Azərbaycan Sizin sözünüzü gözləyir”. Bu, o illər idi ki, ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürür, iqtisadi böhran tüğyan edir, eyni zamanda, torpaqlarımız biri-birinin ardınca işğal olunurdu. Xalqın sabaha ümidləri tamamilə itmişdi. Belə bir çətin dövrdə Azərbaycan ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərliyi dahi şəxsiyyət Heydər Əliyevin etməsi ilə bağlı ümummilli liderə müraciət etdilər. Şübhəsiz ki, Vətənini, xalqını canından artıq sevən, hər zaman Azərbaycanın gələcəyi barədə düşünən, ölkəmizin müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən ulu öndər Heydər Əliyev xalqın yaşadığı çətin vəziyyətə biganə qala bilməzdi. Ümummilli liderin ziyalıların müraciətinə “Yeni Azərbaycan uğrunda” cavabı da bugünkü inkişafın prioritetlərinin təqdimatı oldu. Təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yaradılmasından çox keçmədi ki, iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı”. Vüqar Rəhimzadə vurğulayıb ki, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdi: “Bu tezis bütün dövrlərdə öz aktuallığını qoruyaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətinə bələdçilik edir. 2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi, regionun aparıcı siyasi təşkilatına çevrildi. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin göstəricisidir”. YAP Xətai rayon təşkilatının sədri keçilən yolun təhlili fonunda bu fikri xüsusi qeyd edib ki, artıq tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar bütün sahələrdə təkmil islahatların həyata keçirilməsini bir zərurət kimi qarşıya qoydu. Bu baxımdan Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimiz ruhunda keçirilən VII qurultayı yeni hədəflərin təqdimatı oldu. Yeni tərkib, yeni qərarlar partiyanın qarşısında geniş üfüqlər açdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini seçilməsi də bu yeniliklər sırasında oldu. Birgə səyləri nəticəsində ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı zirvələrə yüksəldən dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələrin icra edilməsi istiqamətində uğurla fəaliyyət göstərirlər. Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyevin “Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq” çağırışı qarşıdakı dövrün aydın mənzərəsini təqdim edir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Azərbaycanın bu gününü dünəni ilə müqayisə edərək Heydər Əliyev yolunun hər zaman ölkəmizə davamlı uğurlar qazandırdığını bildirib: "Artıq bu gün qalib Azərbaycandan danışırıq. Bu sevinci bizə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Canları, qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizin qəhrəmanlarıdırlar. Qalib ölkənin vətəndaşı olmaq böyük qürur və məsuliyyətdir. Hər bir kəs Azərbaycanın daha uğurlu gələcəyi üçün səylərini artırmalı, postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə öz töhfəsini verməlidir”. Rafiq Quluyev Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı olduğunu önə çəkərək onu da əlavə edib ki, dövlətə, xalqa xidmət partiyanın fəaliyyətinin ana xəttini təşkil edir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin ulu öndər Heydər Əliyevin qalib Azərbaycanımız üçün yaratdığı möhkəm təməldən geniş bəhs edib. Bildirib ki, mənim fəaliyyətimin mühüm bir dövrü görkəmli siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevlə bağlı olub: “Ulu öndər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən onun rəhbərliyi altında çalışmış, o cümlədən birinci katibin referenti vəzifəsində işləmişəm”. Deputat ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə ölkəmizin bu günü üçün möhkəm təməl yaradıldığını, son 19 ildə bu siyasətin uğurlu davamının ölkəmizə biri-birindən mühüm nailiyyətlər qazandırdığını böyük inamla bildirib.
YAP Veteranlar Şurasının üzvü, professor Misir Mərdanov bildirib ki, bu gün ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi təntənə ilə qeyd edilir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Partiyanın VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyevin söylədiyi “Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılıb. Hesab edirəm ki bu, çox önəmli addımdır. Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər. Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir. Çünki xaricdən, oradan-burdan yalan, saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Məhz o hesabat da bunun üzərində qurulur və gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz - bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır” fikirləri gələcəklə bağlı çağırışların əsas tərkib hissəsidir. Gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması hazırkı dövrün əsas tələbidir”.
YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatının sədri, akademik Vaqif Abbasov bildirib ki, Yeni Azərbaycan Partiyası Vətənin, dövlətin ən ağır zamanlarında yaranıb və Azərbaycanı bugünkü inkişafa, qalibiyyətə gətirib çıxarıb: “21 noyabr 1992-ci ildə yaranan partiyamız ilk gündən ümumxalq partiyasına çevrilərək xalqda sabaha inam yaratdı, qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirməklə ölkənin inkişafına, tərəqqisinə yol açdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə YAP-ın misilsiz xidmətləri var. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir”.
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, “91-lər”in üzvü, professor Ədalət Fərəcov çıxış edərək partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında böyük xidmətlərindən danışıb: “YAP Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ulu öndər Heydər Əliyevin yüksək nüfuzu, xalqın ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində böyük nüfuz qazanmasını təmin edən mühüm faktorlardan birinə çevrildi. YAP qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycanın quruculuğunun həyata keçirilməsini təmin etdi".
Daha sonra çıxış edən ehtiyatda olan polkovnik Şair Ramaldanov, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev, bu gün YAP sıralarına üzv qəbul olunan Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazı Anar Məmmədov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin miqyasının ölçüyəgəlməzliyindən, YAP-ın ölkəmizin tarixində mühüm rolundan bəhs ediblər.
Tədbirin sonunda ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvünə Fəxri fərmanlar və partiyanın üzvlük vəsiqəsi təqdim olunub.
Samir Rəhimov