Xəbər lenti

Vətən müharibəsinin ilk böyük qələbəsi – Cəbrayıl Zəfəri

44 günlük Vətən müharibəsinin hər günündə cəbhədən gələn qələbə xəbərləri sabaha ümidləri artırırdı, soydaşlarımız torpaq həsrətlərinə son qoyulacağını böyük səbirsizliklə gözləyirdilər. Torpaqlarımız biri-birinin ardınca işğaldan azad edildikcə 30 ilə yaxın dövrdə qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın dilindən səslənən fikirlər öncə bu oldu: Artıq biz qaçqın deyilik. İşğalçı dövlət Ermənistan Vətən müharibəsində bir daha Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunun şahidi oldu. 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atır, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Rəşadətli Ordumuz Ermənistanın öz ordusu barədə 30 il ərzində formalaşdırdığı mifi 44 gündə məhv etdi. Reallıq budur ki, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edərək, bizim bütün tarixi, dini, mədəni abidələrimizi  dağıdıblar. Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli hadisəsi olmaqla bərabər, həm də xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsidir. Bu mənada Azərbaycanın Qarabağ savaşı - Vətən müharibəsi dünya savaş tarixinə ədalətli müharibə nümunəsi kimi daxil olmuşdur. Buna görə Vətən müharibəsi Azərbaycan xalqının əsl qəhrəmanlıq dastanına çevrilmişdir.
Biz bu gün Böyük Qayıdışın astanasındayıq. Artıq işğaldan azad olan yaşayış məntəqələrimizdə görüləcək işlərin planı hazır olmaqla yanaşı uğurla icra edilir. Hazırda düşməndən azad edilən ərazilərimizdə geniş miqyasda tikinti, bərpa-quruculuq işləri aparılır. Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarında indi bir coşğunluq yaşanır, yeni layihələrin icrasına start verilir. “Böyük Qayıdış”ın başlandığı ilk rayon olan Cəbrayılda da yeni layihələr uğurla icra edilir. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin dediyi kimi: “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci böyük uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır.”
5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Böyük Qayıdışa 2017-ci ildən başlayıb. 2016-cı ildə Azərbaycan Ordusunun Aprel Zəfərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və kənd sakinlərinin geri dönüşü Böyük qayıdışın başlanğıcı oldu. Aprel Zəfərindən bir il sonra 2017-ci il iyulun 14-də Cocuq Mərcanlı kəndində tarixi hadisə yaşandı. Yenidən öz yurd-yuvalarına qayıdan soydaşlarımızın yanında olan Prezident cənab İlham Əliyev bu tarixi hadisənin mənasını belə izah etdi: “Bu gün Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız Şuşada dalğalanacaq”. Bu, təsadüfən deyilən fikir deyildi. Sözünə, vədinə sadiq olan lider kimi İlham Əliyevin bu bəyanatı Azərbaycan xalqının qələbəyə inamını daha da artırdı və Aprel döyüşlərində ağır zərbə alan düşmənin canına vəlvələ saldı. Cocuq Mərcanlı erməni əsarətində qalan Qarabağ torpaqlarına aparan yolun başlanğıcı, Şuşaya, Ağdama, Zəngilana, Füzuliyə, Qubadlıya, Laçına, Kəlbəcərə və digər əsir torpaqlarımıza açılan ümid qapısı oldu. Elə kəndin girişindəki lövhələrdə əksini tapan "Cocuq Mərcanlıdan Şuşaya" lövhəsi də hər kəsi duyğulandırmaqla yanaşı, içimizdəki inam hissini getdikcə artırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərindəki uğuru Vətən savaşında qələbəni təmin etdi, böyük Zəfərin təməl daşı oldu.
44 günlük Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmağa başladı. Çünki düşmən 30 il ərzində bu torpaqlarda daşı-daş üstündə qoymamış, əsl barbarlıq xislətlərini ortaya qoymuşdu. Bunu təkcə biz deyil, bütün dünya gördü. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı layihələr isə onu deməyə əsas yaratdı ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur dünyanın ecazkar məkanlarından birinə çevriləcək, oradan məcburi köçkün düşən soydaşlarımız da yurd-yuvalarına qayıdacaqlar. Böyükdən-kiçiyə hər kəs inanırdı ki, Qarabağı 44 günə düşməndən azad edən Ali Baş Komandan qısa zamanda bu torpaqlarda möcüzələr yaradacaq, Qarabağ, Şərqi Zəngəzur cənnətməkana çevriləcək və "Böyük qayıdış" konsepsiyasının icrasına başlanılacaq. Bu gün artıq Qarabağda quruculuq işləri sürətlə davam edir. Yaxın zamanlarda bu ərazilərimiz regionda ən inkişaf etmiş bölgələrə çevriləcək.

Famil Məlikov,
Salyan şəhər sakini, Vətən müharibəsi iştirakçısı,
“Azərbaycan Bayrağı” ordenli
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov