Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Bu baxımdan 20 sentyabr tarixinin ulu öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Günü kimi təsis olunması səbəbsiz deyil. Tam əminliklə demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının 28 ildə müasir müstəqil Azərbaycana qazandırdığı uğurları bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümummilli Liderin bu gün artıq dillər əzbəri olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur tezisinin tarixi əhəmiyyətinə söykənərək deyə bilərik ki, bu saziş Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı. Bir sözlə, “Əsrin müqaviləsi” Azərbaycana hansı uğurları qazandırdı” sualının ümumi cavabı bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi “Zəfərimizdir.”
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın neft-qaz sənayesində yeni bir mərhələnin əsası qoyuldu. Ümummilli Liderin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin böyük xidmətləri olub. Məhz həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.
“Əsrin müqaviləsi” Azərbaycanın dünəninə baxış fonunda gələcəyinin təqdimatıdır. Bu baxımdan ki, ölkəmiz daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycana artan maraq uğurlarımızın xronologiyasında özünün aydın ifadəsini tapır. Ölkəmizdə sabitliyin, əlverişli biznes mühitinin yaradılması nəticəsində Azərbaycan yeni tərəfdaşlar, dostlar qazandı. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz mühüm hadisələrdən biri Azərbaycanın bu ilin iyun ayında enerji tərəfdaşlarını Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada bir araya gətirməsi oldu. Bakı Enerji Həftəsi çərçivəsində yekun tədbirin Şuşada keçirilməsi və bu məkanda tərəfdaşlar arasında hazırkı dövrdə enerji siyasətimizin əsas tərkib hissəsi olan bərpa olunan enerji mənbələrinə sərmayələrin yatırılması ilə bağlı sənədlərin imzalanması da “Əsrin müqaviləsi”nin ölkəmizə bəxş etdiyi uğurlar sırasındadır.
Artıq iki ilə yaxındır ki, ölkəmizin həyatında yeni dövr başlayıb. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcək. Azərbaycanın enerji diplomatiyasının uğurlarını bu gün tarixi Zəfərimizin yaratdığı reallıqları ardıcıl şəkildə həyata keçirməyimizdə görür və bundan böyük qürur hissi keçiririk.
Reyhanə Axundova, Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı aia.az