Tarix sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu var. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.
Dövlətçilik salnaməmizdə silinməz iz qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan ümummilli lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Təqvimimizin ulu öndər Heydər Əliyevlə bağlı daha bir əlamətdar səhifəsi də Onun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi 3 oktyabr günüdür. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Azərbaycanın nicatı Heydər Əliyev ideyalarındadır. Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Əvvəlcə Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü zamanında Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etmədiyi üçün dövlətimiz 20 Yanvar, Xocalı faciələrini, Laçın, Şuşa xəyanətlərini yaşamağa məcbur oldu.
Ulu Öndər hakimiyyətə gəlişi ilə ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa olundu. Ulu öndər Heydər Əliyev Qarabağ müharibəsində atəşkəsə nail oldu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi. Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə kifayət qədər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdıra bilmişdir. Vətən müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında məhz Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı 30 illik işğaldan azad etdi.
Gülər Quliyeva, Salyan şəhər 4 saylı tam orta məktəbin direktoru, YAP fəalı aia.az