Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü tamam olur.

Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.

Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə bağlıdır. İlkin olaraq 30 il müddətinə imzanlanmış AÇG sazişi 12 dekabr 1994-cu il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cu il tarixində qüvvəyə minib. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.

Saziş ratifikasiya olunduqdan sonra SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ altı ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (BP, “Amoco”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “McDermott”, “Ramco” “Delta Nimir”) təşkil olunmuşdu.

1999-cu ilin iyun ayından etibarən, BP ABƏŞ üzrə operatorluq fuksiyasını üzərinə götürüb.

Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 %), SOCAR (25 %), MOL (16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib (9,57 %), “Inpex” (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), “Itochu” (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %).

AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2000-3500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.