“Avropa İttifaqı Azərbaycanla birgə çalışaraq Mərkəzi Asiya və onun hüdudlarından kənarda da əlaqələr qurmaq arzusundadır. Biz mühüm Trans-Xəzər əlaqələrinə dair ideya və müzakirələri böyük maraqla izləyirik və müzakirələrin dərinləşdirilməsinə töhfə verəcəyik. Nəhayət, biz vahid hava məkanı haqqında sazişi yekunlaşdırmaq istəyirik. Çünki bu, biznes, ticarət və turizm imkanlarına böyük təkan verəcəkdir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Prezident İlham Əliyev ilə görüşdən sonra mətbuata açıqlamasında söyləyib.
Avropa Komissiyasının Prezidenti bildirib ki, Azərbaycan tam potensialına nail olmaq üçün investor əminliyini təmin etməlidir:
“Buraya vətəndaş cəmiyyətinin daha da cəlb edilməsi, azad və müstəqil medianın olması daxildir. Avropa İttifaqı Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan olmasına sadiqdir. Məsələn, biz bu ölkədə minalardan təmizləmə sahəsində ən böyük donoruq. Biz bu vacib mövzunu da müzakirə etdik. Biz bu məqsəd üçün 4,25 milyon avroluq yeni yardım paketini elan etdik. Bununla yanaşı, biz bu mühüm sahədə avadanlıq və təcrübə təklif edirik”.