"Qurbanlıq heyvanların kəsimi üçün bölgələrdə səyyar məntəqələr quraşdırılacaq".
bizimaz.az"report"a istinadən xəbər verir ki, bunu AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda respublikanın bütün yerlərində Qurban bayramında fəaliyyət göstərəcək heyvan kəsimi məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür:
"İndiyədək müəyyənləşdirilmiş yerlərin sayı, təxminən 130-dan çoxdur. Bura heyvan kəsimi və satış məntəqələri aiddir. Həmin məntəqələrdən 70-ə yaxını kəsim üçün nəzərdə tutulanlardır.
Ola bilsin ki, rəqəmdə dəyişiklik olsun. Çünki müəyyənləşdirmə prosesi hələ də davam edir. Adi günlərlə müqayisədə bayram günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək".
AQTA rəsmisi bildirib ki, Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi, qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək:
"Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçən və sanitar-gigiyenik tələblərə uyğun kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq.
Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur".