Xəbər lenti

Xalqın əbədi sevgisini qazanan Ulu Öndər Heydər Əliyev!


Mən çox xoşbəxt insanam ki, Ümummilli Liderin rəhbərliyi altında uzun illər məsul vəzifədə çalışmışam və bu gün də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətimi davam etdirirəm

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işləməyim, eləcə də onunla şəxsi tanışlığım mənim üçün böyük şərəf və qürurdur. 10 May - Ümummilli Liderin doğum günündə fürsətdən istifadə edərək Heydər Əliyevlə bağlı daim xatirələrimdə yaşayan ən mühüm məqamları bölüşmək istərdim.

1990-cı ilin iyulunda, Azərbaycan tarixinin və dövlətçiliyimizin ağır günlərində, həyatı boyu qəlbi Vətəni və xalqı ilə döyünən dahi şəxsiyyət Heydər Əliyev əsl vətənpərvər kimi qətiyyət göstərərək Moskvadan Bakıya qayıtdı. Həmin o günlərin və görüşlərin iştirakçısı kimi Ulu Öndərimizlə ilk tanışlığımız yarandı.

Məlum olduğu kimi, həmin dövrdə ölkədə vəziyyət olduqca gərgin, ziddiyyətli şəkil almışdı. Müəyyən qüvvələr öz maraqları naminə vəziyyətdən sui-istifadə edir və demək olar ki, proseslər idarəolunmaz hala çatmışdı. Bu kritik dönəmdə Ulu Öndər xalqın yanında olmağa qərar verdi və özünün həyat fəlsəfəsini belə izah edirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib."

Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri olduğu illərdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün mühüm qərarlar qəbul etdi

O zaman Naxçıvan da ağır günlər keçirirdi. Sərhədyanı kəndlər ermənilərin mütəmadi hücumlarına məruz qalır və qarət olunurdu. Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələri kəsilmiş, iqtisadi və siyasi böhran dərinləşmiş, təxribatlar baş alıb gedirdi. Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri olduğu illərdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün mühüm qərarlar qəbul etdi. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında region dövlətləri ilə əlaqələr yaratması və xalqı öz ətrafında birləşdirərək erməni təcavüzünə qarşı müqavimət hərəkatına bacarıqla rəhbərlik etməsi mürəkkəb hərbi-siyasi şəraitdə Naxçıvanı işğaldan qorudu.

Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə desək: "Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi müdrikliyini göstərərək Ulu Öndərin ətrafında yumruq kimi sıx birləşdilər və həm erməni işğalına tutarlı cavab verdilər, onları yerində oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir."

Həmin günləri mən çox yaxşı xatırlayıram. Mən o illərdə dəfələrlə Bakıdan Naxçıvana Ulu Öndərin yanına gedir, ölkədə cərəyan edən siyasi proseslər barədə fikir mübadiləsi aparır və dəyərli məsləhətlər alırdım.


Mən çox xoşbəxt insanam ki, Ümummilli Liderin rəhbərliyi altında uzun illər məsul vəzifədə çalışmışam və bu gün də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətimi davam etdirirəm.

Azərbaycan xalqı əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir

XX əsrin sonlarında yenidən müstəqillik qazanan dövlətimiz qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə çatdırılmış qarşıdurma dövlət müstəqilliyimizi itirmək təhlükəsi yaratdı. Həmin dövrdə hüquq-mühafizə orqanlarında çalışdığımdan hadisələrin yaxından iştirakçısı kimi deyə bilərəm ki, bütün bunlar liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək bacarığından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin ölkəyə rəhbərlik etməsinə görə baş verirdi. Prosesləri düzgün qiymətləndirə və lazımi məcraya yönəldə bilməyən hakimiyyət əhali arasında gündən-günə nüfuzunu itirirdi.

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı, günü-gündən gərginləşən siyasi vəziyyət, əhalinin acınacaqlı sosial durumu ölkəmizi bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir olan Liderə və Şəxsiyyətə ehtiyac olduğunu zəruri edirdi. Azərbaycan xalqı əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Beləliklə, 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışlarına səs verərək Bakıya qayıtdı. Həmin tarixi anların iştirakçısı kimi deyə bilərəm ki, bu qayıdış sözün əsl mənasında, ölkəmizin taleyində dönüş nöqtəsi oldu. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Tarixə nəzər salsaq görərik ki, xalqların tarixində elə günlər vardır ki, həmin günlərdə onun gələcəyini müəyyən edən təməllərin əsası qoyulub. Bu tarix isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan, müdrik insan və dahi şəxsiyyət - Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır", - deyən Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyi və sabitliyin bərqərar olunmasına nail oldu.

Dövlətinə və xalqına bağlı olan milli kadrların bir çoxu mənim kimi siyasi əqidəsinə görə təqiblərə məruz qalmış və həmin illərdə hüquq-mühafizə orqanlarından xaric olunmuşdular

Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, respublikada ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Burada bir məqamı xüsusi ilə vurğulamaq istərdim. Umutmamalıyıq ki, bütün bunlar asanlıqla başa gəlməmişdir. Ölkədəki hərc-mərcliyin və anarxiyanın qarşısını almaq böyük cəsarət və gərgin iş tələb edirdi. Müstəqillikdən sonra ölkəyə rəhbərlik etmiş şəxslər öz yarıtmaz əməlləri ilə bütün sahələrdə ciddi problemlər yaratmış, ölkəni dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Əhali arasında sosial narazılıqlar son həddə çatmışdı. Uzun illər ərzində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə çalışdığıma görə, vəziyyətə yaxından bələd olduğum üçün deyə bilərəm ki, ölkədə kriminogen vəziyyət nəzarətdən çıxmış, cinayət əməlləri baş alıb gedirdi. Dövlətinə və xalqına bağlı olan milli kadrların bir çoxu mənim kimi siyasi əqidəsinə görə təqiblərə məruz qalmış və həmin illərdə hüquq-mühafizə orqanlarından xaric olunmuşdular. Ölkədə siyasi sabitliyin bərpa olunması, vətəndaş həmrəyliyinin formalaşdırılması, ordu quruculuğu, cinayətkarlıqla mübarizə və sair bu kimi həyati vacib sahələrə peşəkar və sadiq kadrların cəlb olunması və islahatların aparılması böyük çətinliklər yaradırdı.

Lakin, bütün bunlara baxmayaraq, Ulu Öndərin fədakar zəhməti hesabına ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu və Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Xalqın əbədi sevgisini qazanan Ulu Öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Ümummilli Liderin şəxsiyyəti, onun siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu.

Ulu Öndər əminliklə bildirirdi ki, işğal altında qalan torpaqlarımız gec-tez düşməndən azad olunacaq və bu Heydər Əliyevin ən böyük arzusu idi

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində və beynəlxalq aləmdə xalqımızın strateji mənafelərini təmin olunmasında həlledici rol oynadı.

İlk növbədə, diplomatik vasitələrlə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Ulu Öndər Heydər Əliyev Milli Ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atdı. Bütün gücünü və diqqətini ordu quruculuğuna yönəldən Ulu Öndər əminliklə bildirirdi ki, işğal altında qalan torpaqlarımız gec-tez düşməndən azad olunacaq və bu Heydər Əliyevin ən böyük arzusu idi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində inamlı islahatlar apardı. 44 günlük Vətən müharibəsində mükəmməl əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Cənab Ali Baş Komandan İlham Əliyevin Şuşamızın azad olunması ilə bağlı xalqa müraciətində ata vəsiyyətini yerinə yetirdiyinə görə xoşbəxt olduğunu dilə gətirdi: "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı Heydər Əliyev ideyalarının sadiq davamçısı cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən qoyulan tapşırıqlar - Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, bu gün uğurla həyata keçirilir və Ordumuz Ali Baş Komandanımızın əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır vəziyyətdədir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri,
general-polkovnik Məhərrəm Əliye
v

 

 

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov