Xəbər lenti

 
Aqiyə Naxçıvanlı: “Azərbaycan həm COVİD-19 pandemiyası, həm də “peyvənd millətçiliyi” ilə mübarizənin ön cərgəsindədir”

Bu gün bütün dünyanın bürümüş bir çox iqtisadi və siyasi sarsıntıların fonunda COVİD-19 pandemiyası hələ də ən təhlükəli qlobal təhdidlərdən biri kimi öz aktuallığını saxlayır. Bəşəriyyət hələ də bu bəladan qurtulmağın yollarını axtarır. Əlbəttə, iki il bundan əvvəlki dövrlə müqayisədə müəyyən irəliləyişlərə nail olunmuşdur. Xüsusilə ayrı-ayrılıqda götürülmüş bəzi ölkələrdə pandemiyanın dağıdıcı təsirini minimum səviyyəyə enrimək mümkün olmuşdur. O cümlədən Azərbaycan COVİD-19-la mübarizədə istər ölkə daxilində əldə edilmiş nəticələr, istərsə də iqtisadi cəhətdən daha zəif olan digər ölkələrə yardım göstərilməsi baxımından yüksək göstəricilərə malikdir. Bununla belə dünya səviyyəsində pandemiya ilə effektiv mübarizə sahəsində hələ də ciddi problemlər mövcuddur. Məhz elə bu baxımdan fevralın 25-də BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksək səviyyəli tematik müzakirələr xüsusi əhəmiyyət kəsb edən ali toplantı kimi dəyərləndirilməlidir. Məlum olduğu kimi, bu tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev həm milli kontekstdən, həm də Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxış edib. Ümumiyyətlə qeyd olunmalıdır ki, COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu danılmazdır və bu mənada Ümumdünya Səhiyyə Təşkilatının səyləri əlbəttə ki, əvəzolunmazdır. Eyni zamanda da BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsən, bu məsələlər ilə bağlı irəli sürdüyü çoxsaylı təşəbbüslər Pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük önəm kəsb edir.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Milli Məclisin deputatı qeyd edib ki, belə yüksək səviyyəli tematik müzakirələrin məhz dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi bir vaxtda keçirilməsi əlbəttə ki, təsadüfi deyil: “Məlumdur ki, Azərbaycan pandemiya ilə mübarizədə hər zaman dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasında olub. Hətta bəzi inkişaf etmiş ölklər də koronavirus infeksiyasına qarşı mübarizədə məhz Azərbaycan modelini örnək olaraq qəbul ediblər. İkinci bir tərəfdən isə Prezident İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərəkatı ötən dövr qarşılıqlı əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr də məhz Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür. Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-ə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı edib və təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə yardımı göstərib.”

Daha sonra Aqiyə Naxçıvanlı vurğulayıb ki, Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdən biri, bəlkə də birincisidir: “Prezident İlham Əliyev daim vaksinlərin ədalətsiz bölgüsünə qarşı qlobal səviyyədə çıxış edib.Həmçinin BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs də məhz dövlətimizin başçısına məxsusdur. Fevralın 25-də BMT Baş Assambleyasının tematik müzakirələrinin gedişində etdiyi çıxışında da Prezident İlham Əliyev bildirdi ki, COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir. COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Dövlətimizin başçısı bu dəfə də konkret təkliflər irəli sürərək bildirdi ki, COVID-19 pandemiyası ilə effektiv mübarizəni təmin edə bilmək üçün bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir” – deyə Milli Məclisin deputatı fikirlərini tamamlayıb.

AIA.Az
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov