“Bizim və dövlətimizin tarixlə bağlı uzun mühazirələrə vaxtımız yoxdur, ona görə də keçmişi dərindən araşdırmayacağam. Reallıq və gələcək haqqında danışacağam. Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərində mənim arxamdadır və Rusiyanın hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq, belə də olacaq”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski vətəndaşlara videomüraciətində deyib.
Onun sözlərinə görə, Rusiyanın “DXR” və “LXR”i tanıması sülh səylərinə zərbə vurur və danışıqlar proseslərini məhv edir.
Ukrayna dövlətinin başçısı vurğulayıb ki, Ukrayna Rusiyanın hərəkətlərini dövlətin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir və “DXR” və “LXR”nin tanınmasının nəticələrinə görə bütün məsuliyyəti Moskvanın üzərinə qoyur. Zelenski həmçinin əlavə edib ki, bu ərazilərin Rusiya tərəfindən tanınması Rusiyanın Minsk razılaşmalarından birtərəfli qaydada çıxması və Normandiya sazişləri çərçivəsində qərarlara məhəl qoymaması anlamına gələ bilər.
“Bu, sülh səylərinə zərbə vurur və danışıqlar formatlarını məhv edir", - o bildirib.
Ukrayna prezidenti vurğulayıb ki, Rusiya öz qərarları ilə faktiki olaraq 2014-cü ildən Donbassın işğal olunmuş ərazilərində olan qoşunlarını leqallaşdırır.
“Səkkiz ildir müharibəni dəstəkləyən ölkə iddia etdiyi kimi sülhü qoruya bilməz”, - deyə Zelenski əlavə edib.
Prezidentin qeyd etdiyi kimi, Ukrayna fərdi və kollektiv özünümüdafiə hüququnu özündə saxlayır. Bundan əlavə, o, yaradılmış ərazi müdafiə sistemini xatırladıb, Ukrayna sərhədlərinin etibarlı mühafizə altında olduğuna inandırıb və vəziyyətin dəyişməsi barədə məlumat verəcəyini vəd edib.
“Sərhədlərimiz etibarlı şəkildə qorunur... Biz təxribatlarla təcavüzkar qoşunların hücumunu yaxşı fərqləndiririk. Vəziyyətin dəyişdiyini və risklərin artdığını görən kimi bütün bunlardan xəbəriniz olacaq. Biz sülhsevər və diplomatik yola sadiqik, onu və yalnız onu gedəcəyik. Biz öz torpağımızdayıq, heç kimdən və heç nədən qorxmuruq, heç kimə borcumuz yoxdur, heç kimə heç nə verməyəcəyik və buna əminik”, - deyə Zelenski yekunlaşdırıb.