"Son zamanlar koronavirusa yoluxmanın sayı artdığından təcili tibbi yardıma edilən müraciətlərin sayında da müvafiq artım qeyd edilir. Belə ki, pandemiyadan öncə "103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır”.
Bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva bildirib.
Onun sözlərinə görə, təcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərdən: infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, terminal vəziyyətlər, doğuş, hündürlükdən yıxılma, zəhərlənmə və s. BŞT və TTYS-nın "103” xidmətinə mütəmadi daxil olan müraciətlər də təcili yardım briqadaları tərəfindən icra edilib:
"Çağırışlar ağırlıq dərəcəsinə görə çeşidlənərək, daha ağırları ilk növbədə icra olunur. Ağır xəstələrin hospitalizasiyası icra edildiyi hallarda isə çağırışın icrası üçün daha çox zaman sərf olunur. Zənglərin əksəriyyəti sorğu və məlumat xarakterlidir.
Təcili tibbi yardıma ehtiyacı olmayan xəstələr üçün də "103” xidmətinə çox sayda müraciət daxil olur ki, bu da telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur. COVID-19-la bağlı xəstələrin hospitalizasiyası zamanı xəstələrin yerləşdirilməsində yaranan müəyyən çətinliklər çağırışların ləngimə ilə icra edilməsinə səbəb olur”.
İ.Əliyeva vətəndaşların hansı hallarda poliklinikalara, hansı hallarda isə BŞT və TTYS-yə müraciət etməli olduğu barədə də danışıb.
O qeyd edib ki, Səhiyyə Nazirliyinin tapşırığı ilə (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçirilib:
"Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla, yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstərilir. Hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, evdə nəzarəti və vitamin kompleksi ilə təminatı poliklinikalar tərəfindən icra edilir”.