“Erməni separatçılarının törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə beynəlxalq konvensiyaların katibliklərinə müraciət edilib”.
Bizimaz.az “oxu.az”a istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova məlumat verib.
O bildirib ki, son günlərdə işğalçı Ermənistan dövləti döyüş bölgəsindən kənarda yaşayan mülki əhaliyə, ekoloji mühitə, təbii sərvətlərə, regionun ümumdünya əhəmiyyətinə malik bioloji müxtəlifliyinə, zəngin meşə sahələrinə yenidən qəsd etməyə başlayıb:
“Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq cəbhə xəttindən kənarda yerləşən rayonları mütəmadi artilleriya atəşinə tutması nəticəsində xüsusi mühafizə olunan və beynəlxalq səviyyədə tanınan təbiət ərazilərinə, o cümlədən, Ağgöl və Göygöl milli parklarına geniş miqyaslı yanğınlara səbəb olan bir neçə raket mərmisi düşüb.
Ermənistanın ekoloji terrorunun davamı olaraq qiymətli Şuşa meşələrinə zəhərli, söndürülməsi mümkün olmayan və qadağan olunmuş ağ fosfor maddəsindən istifadə olunmaqla od vurulub”.
Təcavüzkar Ermənistanın 30 ildir işğal altında saxladığı Azərbaycan ərazilərində təbiət abidələrinə, bioloji müxtəlifliyə, meşə sahələrinə, yeraltı və yerüstü təbii sərvətlərə ciddi zərər vurmaqla böyük miqyaslı ekoloji terror aktları törətdiyini vurğulayan A.Səmədova qeyd edib ki, təcavüzkar Ermənistan tərəfindən qəsdən törədilən bu terror aktları nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb:
“Təbii bitki örtüyü, min illərlə əmələ gələn torpağın üst qatı tamamilə yanıb, Azərbaycanın “Qırmızı Kitab”ı və Beynəlxalq Qırmızı Siyahıya daxil olmuş nadir, sayı kritik həddə azalan bitki və heyvan növləri məhv olub, heyvanların yaşayış arealları dağıdılıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan dəyib.
Ermənistan tərəfindən təbiətə qarşı törədilən bu ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar” və “Bern” beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır.
Azərbaycan ərazisində işğalçı Ermənistan dövləti tərəfindən mütəmadi həyata keçirilən ekoloji terror aktlarına son qoyulması və erməni separatçılarının törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti sözügedən konvensiyaların katibliklərinə müraciət edib”.