Xəbər lenti




Bunun ilk əlaməti olaraq əvvəlki tədris illəri ilə müqayisədə universitetə qəbul olan tələbələrin sayı və orta balın əhəmiyyətli dərəcədə artmasını göstərmək olar. Şübhəsiz ki, əldə olunan bütün müsbət nətcələrin əsasında Prezident İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə qayğısı durur. Bu istiqamətdə həyata keçirilən tədbirlərə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, kənd təsərrüfatı ixtisaslarına yalnız dövlət sifarişi ilə və ödənişsiz əsaslarla tələbə qəbulunun aparılması, xüsusilə cari tədris ilində qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə əlavə təqaüdlərin verilməsini, şəffaf təhsil mühitinin formalaşmasını göstərmək olar. Dövlət Başçısının göstərişi ilə 2018/2019-cu tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə 400-499 bal toplayan tələbələrə aylıq təqaüdlərindən əlavə 100 manat, 500 və daha çox bal toplayanlara 200 manat məbləğində təqaüdün verilməsi qəbulun nəticələrinə ciddi təsir göstərən amillərdən biri olmuşdur.

 


Professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun rəhbərlik etdiyi Azərbaycan Aqrar Universitetində (ADAU) 6 fakültə, 33 kafedra fəaliyyət göstərir. Tələbə kontingenti 5211, o cümlədən, bakalavriat səviyyəsində - 4840, əyani 3887, qiyabi 953, magistratura səviyyəsində - 371, doktorantura səviyyəsində - 197, o cümlədən, əyani 7, qiyabi 190, fəlsəfə doktorluğu proqramı üzrə 139, elmlər doktorluğu proqramı üzrə 58 nəfərdən ibarətdir. Bakalavriat səviyyəsi üzrə ixtisasların sayı - 33, Magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) sayı - 30 (71), Doktorantura səviyyəsi üzrə ixtisasların sayı - 40-dır. Bakalavriat səviyyəsində 13 kənd təsərrüfatı ixtisası üzrə təhsil alan tələbələr təhsil haqqından tamamilə azaddırlar. Əksinə, dövlət büdcəsindən təqaüd alırlar.

2018/2019-cu tədris ilinin əvvəlinə ADAU-da bakalavriat səviyyəsində - Maşın mühəndisliyi; Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi; Elektrik mühəndisliyi; Proseslərin avtomatlaşdırılması mühəndisliyi; Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi; Qida məhsulları mühəndisliyi; İstehlak mallarının ekspertizası və marketinqi; Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi; İnformasiya texnologiyaları; Torpaqşünaslıq və aqrokimya; Torpaqşünaslıq və aqrokimya (tədris ingilis dilində); Aqronomluq; Aqronomluq (tədris ingilis dilində); Zootexniklik; Yer quruluşu, torpaq və şəhər kadastrı; Aqromühəndislik; Balıqçılıq və balıqçılıq təsərrüfatı işi; Meşəçilik; Şərabçılıq; Mühasibat uçotu və audit; Maliyyə; İqtisadiyyat; İqtisadiyyat (tədris ingilis dilində); Menecment (alman proqramı);Marketinq; Marketinq (tədris ingilis dilində); Biznesin idarə edilməsi; Ekologiya; Baytarlıq ; Baytarlıq (tədris ingilis dilində); Su bioehtiyatları və akvabitkilər; Bitki mühafizəsi; Bağçılıq və tərəvəzçilik; Əczaçılıq ixtisasları tədris olunur. 

ADAU-nun tədris-laboratoriya bazası müasir standartlar
səviyyəsinə uyğunlaşdırılır

Son illərdə ADAU-nun tədris laboratoriya bazasının müasir standartlara uyğun yenidən qurulması istiqamətində xeyli işlər görülmüşdür. “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ümumi sahəsi 72 m2 olan “Qapalı balıqyetişdirmə laboratoriyası” yaradılmış və iki növdə 2 mindən çox balıq yetişdirilməsinə başlanmışdır. Bununla yanaşı baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində quşçuluq tədris-təcrübə və bildirçin yetişdirilməsi üzrə tədris mərkəzləri yaradılmışdır. Heyvandarlığın müxtəlif sahələri ilə yanaşı arıçılıq üzrə də mütəxəssis hazırlığının müasir tələblər səviyyəsində qurulması məqsədilə arıçılığın iqtisadi əhəmiyyətini nəzərə alaraq baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin ərazisində arıçılıq məhsullarının istehsalı laboratoriyası qurulmuş və istifadəyə verilmişdir. Bundan başqa, anatomiya muzeyi-auditoriyası və pataloji anatomiya muzeyi-auditoriyası müasir standartlar çərçivəsində təmir edilmiş və istifadəyə verilmişdir. Bağçılıq kafedrasının nəzdində Kənd təsərrüfatı nazirliyinin dəstəyi ilə hər biri 160 m2 olmaqla 5 istixana yaradılmışdır. İstixananın istiqaməti tərəvəz və örtülü meyvəçiliyin becərmə texnologiyasının tələbələrə tədris etməklə yanaşı, təcrübə işlərinin yerinə yetirilməsini öyrətməkdən ibarətdir. Bu məqsədlə istixanalarda xiyar, pomidor və müxtəlif sitrus meyvə bitkiləri əkilmişdir. Kənd təsərrüfatı nazirliyinin maliyyə dəstəyi ilə universitetin nəzdində 20 baş iribuynuzlu qaramal və 4 baş atın saxlanılması məqsədilə eksperimental ferma və Süni mayalandırma mərkəzinin tikintisi başa çatmış və 2017/2018-ci tədris ilinin başlanğıcında istifadəyə verilmişdir. Fermanın tikintisi və tam təchizatı AR NK-nın Dünya Bankı ilə birgə layihələşdirdiyi və AR KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icrası təmin edilən “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin “Heyvan sağlamlığı və baytarlıq xidmətləri” subkomponenti çərçivəsində aparılmışdır. Bitki kilinikası, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və layihələndirmə laboratoriyaları, maşın-traktor parkı, beynəlxalq əməkdaşlıq çərçivəsində Yaponiya Hökümətinin dəstəyi ilə yaradılmış toxumçuluq laboratoriyası, Çin Hökümətinin dəstəyi ilə alınmış kompyuter avadanlıqları və digər təsisatlar müasir dövrün əmək bazarının tələblərinə cavab verən aqrar mütəxəssis hazırlığına hərtərəfli şərait yaradır.




Dövlətimizin aqrar sahəyə göstərdiyi qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya laboratoriyaları açılmışdır. Bu tipli laboratoriyanın biri də ADAU-nun aqronomluq fakültəsinin torpaqşünaslıq və aqrokimya kafedrasında quraşdırılmışdır . Mühəndislik fakültəsində Nyu Holland və John Deere Təlim mərkəzləri, meliorasiya və hidrotexniki qurğular, alternativ energi mənbələrindən istifadə laboratoriyaları istifadəyə verilmişdir. Bundan başqa, fakültənin nəzdində yaradılmış Maşın-traktor parkında mövcud olan müasir kənd təsərrüfatı maşınları mühəndis kadrların hazırlanmasında müstəsna rol oynayır. Aqrotexnologiya fakültəsində mütəxəssis hazırlığının təkmilləşdirilməsi məqsədilə yerquruluşu və kadastr layihələndirmə, kimya, qida məhsullarının eskpertizası laboratoriyaları yaradılmışdır.



ADAU-da müasir informasiya texnologiyarının tətbiqi xeyli sürətləndirilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, universitetdə kompyuter-tələbə nisbəti respublikanın digər ali təhsil müəssisələrinə nisbətən yüksəkdir. Hesablmalara görə bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan hər 100 tələbəyə 15,2 kompyuter düşür. Tələbələrin 1 növbədə təhsil almasını nəzərə alsaq, onda hər 100 tələbəyə 30,4 kompyuter düşdüyü məlum olur.

Cari ildə ADAU-ya rekord sayda tələbə qəbul olunmuşdur


Son illərlə müqayisədə cari ildə rekord həddə-1296 nəfər ADAU-nun tələbəsi adını qazandı. Stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, cari tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə minimum keçid balının 150 olmasına baxmayaraq, faktiki keçid balı əksər ixtisaslarda 200-dən çox olmuşdur. Belə ki, bu göstərici “meliorasiya və su təsərrüfatı tikintisi” ixtisasında 296 (əvvəlki tədris ilində 294) bal, “torpaqşünaslıq və aqrokimya”da 267 (254), “aqronomluq”da 247 (236), “zootexniklik”də 211 (201), “aqromühəndislik”də 248 (238), “meşəçilik”də 212 (206), “şərabçılıq”da 213 , “ekologiya”da 257 (176), “baytarlıq”da 211 (167), “əczaçılıq”da 301 (182) bal olmuşdur. Diqqəti cəld edən məqamlardan biri də qəbulun strukturunda kənd təsərrüfatı ixtisasları üzrə təhsil alanların xüsusi çəkisi artmasıdır. Qeyd olunan göstərici 2016/2017-ci tədris ilində 41,5 faiz, 2017/2018-ci tədris ilində 54,5 faiz, 2018/2019-cu tədris ilində 59,4 faiz olmuşdur. Şübhəsiz ki, yeni kənd təsərrüfatı ixtisaslarının açılması bu göstəricinin gələcəkdə daha da artmasına səbəb olacaqdır. Artıq cari tədris ilindən etibarən bakalavriat səviyyəsində “bitki mühafizəsi”, “bağçılıq və tərəvəzçilik” və “şərabçılıq” kimi ixtisaslar üzrə mütəxəssis hazırlığına başlanılmışdır ki, bu da aqrar sahədə əmək bazarının tələbləri baxımından mühüm əhəmiyyət daşıyır.
Universitetə tələbə axınının kütləvi xarakter almasının əsasında duran ən mühüm amillərdən biri dünya standartlarına cavab verən Tələbə evlərinin istifadəyə verilməsidir. Prezident İlham Əliyevin Gəncə şəhərinə səfərləri çərçivəsində açılışlarında iştirak etdiyi 2 Tələbə evi respublikamızın müxtəlif bölgələrindən olan 1040 tələbənin yaşayışını təmin edir. Aylıq yaşayış xərci 35 manat, bütün zəruri şəraitləri (akt zalları, idman zalları, valideyn otaqları, kitabxanalar, həkim otaqları, yeməkxanalar, mətbəxlər, mağazalar, bərbərxanalar, camaşırxanalar və s.) təmin olunan bu Tələbə evləri xüsusilə uzaq rayonlardan olan tələbələri üçün sevimli məkana çevrilmişdir. Hər bir tələbənin öz evi kimi münasibət bəslədiyi bu məkanda təmizlik, səliqə və səhman ən yüksək səviyyədədir.
Naxçıvan Muxtar Respublikası, Şəki, Qəbələ, Qax, Ağsu, İsmayıllı, Qobustan, Xızı, Siyəzən, Şamaxı, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Beyləqan, Biləsuvar, Masallı, Neftçala, Salyan, İmişli, Hacıqabul, Cəlilabad, Saatlı, Sabirabad, Lənkəran, Yardımlı, Lerik, Ağdam, Ağdaş, Fizuli, Gədəbəy və digər rayonlardan, Bakı və Sumqayıt şəhərlərindən olan tələbələrin Tələbə evlərində yaşayış yeri ilə təmin edilmələri bu bölgələr üzrə təhsil alan tələbələrin sayının ilbəil artmasına səbəb olur. Təqdirəlayiq haldır ki, tələbə evləri artıq beynəlxalq mübadilə proqramları çərçivəsində universitetdə təhsil alan, tədbirlərdə iştirak edən əcnəbi tələbələrə də xidmət göstərir. 2018-ci ilin 14-28 iyul tarixlərində universitetdə keçirilmiş “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci beynəlxalq yay məktəbinin 11 ölkədən olan 34 iştirakçısının yaşayışı məhz tələbə evlərində təmin olunmuşdur. ADAU-nun kitabxana fondunda 648454 nüsxə ədəbiyyat mövcuddur ki, ondan 444767nüsxə tədris, elmi, bədii və xarici nəşr ədəbiyyatı təşkil edir. Son beş ildə kitabxanaya orta hesabla 13572 adda elmi, elmi-texniki və ictimai-siyasi kitab və 594 jurnal alınmışdır. İstehsalat təcrübələri əvvəlcədən bağlanmış ikitərəfli müqavilələrə əsasən respublikanın bir neçə qabaqcıl müəssisələrində, o cümlədən Samux rayonu “Boz-Dağ heyvandarlıq” kompleksi, Bərdə rayonu Qarabağ Aqro Kompleksi, Qəbələ rayonu Aqro Kompleksi, Qəbələ Premium Quşçuluq kompleksi, Qəbələ rayon Heyvandarlıq Kompleksi , Ucar rayonu “Mərcan” broyler fabriki, Ağcabədi rayonu “AQAT-AQRO” MMC, “BMS-AQRO” MMC, Azərsun Holdinq (Biləsuvar rayonu), Kürdəmir rayonu və Bakı şəhərində yerləşən istehsal obyektləri, Gilan Holdinqin müəssisələri, Tovuz rayonu “Tovuz-Baltiya” şirkəti , Aqro Dayri şirkəti , AZƏR TOXUM MMC, Göyçay Süd zavodu, Ağsu Şərab zavodu, Göygöl şərab zavodu, “Gəncə Şərab-2” zavodu, Şabran rayonu Səba broyler, Grand Motors şirkəti, Hacıqabul Quşçuluq, Bərdə Yağ-Pendir zavodu və s. müəssisələrdir. Tələbələr eyni zamanda xarici ölkələrdə də təcrübə keçirlər.

Belə ki, Almaniyada GETEK proqramı çərçivəsində 8 tələbə (6 nəfər “menecment” (alman proqramı), 2 nəfər “baytarlıq ixtisası”), LOGO proqramı çərçivəsində “baytarlıq” ixtisası üzrə 2 tələbə, Sankt-Peterburq şəhərində “baytarlıq” ixtisası üzrə 3 tələbə, Türkiyədə müxtəlif ixtisaslar üzrə 11 tələbə istehsalat təcrübəsi keçmişlər. 2014/2015-ci tədris ilində Türkiyənin Ondokuz Mayıs Universiteti ilə ADAU arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən “əczaçılıq” ixtisası üzrə 14 nəfər III kurs tələbəsi 1 ay müddətində Türkiyədə istehsalat təcrübəsində olmuşlar. 2016/2017-ci tədris ilində “menecment” (alman proqramı) ixtisası üzrə 10 tələbə LOGO və PRAXX proqramları çərçivəsində Almaniya Respublikasında, “baytarlıq”, “aqronomluq” və “torpaqşünaslıq və aqrokimya” ixtisasları üzrə isə 7 tələbə İstanbul Universiteti ilə ADAU arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən Türkiyədə istehsalat təcrübəsi keçmişlər.

 

Universitetdə insan resurslarının inkişaf etdrilməsi siyasəti uğurla davam etdirilir

Son illərdə universitetin pedaqoji heyətinin yaş tərkibində 40 yaşadək olan müəllimlərin xüsusi çəkisinin artmasını müşahidə olunur. Bütövlükdə univesitetdə gənc elmi-pedaqoji kadrların işə cəlb olunması müasir dünyanın əmək bazarının çağırışlarına adekvat cavab verə bilən mütəxəssislərin hazırlanmasında əsas amillərdən biri kimi qiymətləndirilir. Universitetdə çalışan gənc müəllimlərin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması, onların sosial problemlərinin həlli, elm və tədrisdə yeni metodların tətbiqi yolları daim diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında gənc müəllimlərin əmək haqlarının artırılması, müvafiq vəzifələrə təyinatda müasir təfəkkürlü və kreativ düşüncəli, innovativ, xarici dilləri bilən gənclərə daha çox üstünlük verilməsi, beynəlxalq təhsil və elmi-tədqiqat layihələrində onlara hər şəraitin yaradılmasını göstərmək olar. ADAU-da son illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllimlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Təkcə bir faktı qeyd etmək lazımdır ki, universitetdə insan resurslarının inkişaf etdirilməsi siyasətinin uğurla həyata keçirilməsi nəticəsində universitetdə çalışan 40 yaşadək olan müəllimlərin sayı xeyli artmışdır. Bu prosesdə magistratura səviyyəsində təhsil alanların tədris prosesində və elmi-tədqiqat işlərində əldə etdikləri nailiyyətlərin müşahidə edilməsi mühüm yer tutur. ADAU-nun beynəlxalq əlaqələri genişlənir.

Son 5 ildə yeni əməkdaşlıq formalarının qurulması, aktual məsələlərə həsr olunanlayihələrin hazırlanması, müxtəlif beynəlxalq konfransların, simpoziumların, seminarların, görüşlərin və digər mədəni, elmi tədbirlərin təşkil olunması istiqamətində xeyli işlər görülmüşdür. Bu istiqamətdə ABŞ, Almaniya, Niderland, Macarıstan, Sloveniya, Polşa, Çexiya, Rumıniya, Bolqarıstan, Belarus, Finlandiya, İtaliya, İsrail, Belçika, Gürcüstan, Norveç, Rusiya, Türkiyə, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və sair ölkələrin tanınmış universitetləri ilə əməkdaşlıq sahəsində müqavilələr bağlanmışdır. Bu müqavilələrin bağlanması və nəzərdə tutulan müddəaların həyata keçirilməsi nəticəsində universitetlərarası müəllim və tələbə mübadiləsi artmış, habelə partnyor universitetlər formasında beynəlxalq layihələrə, o cümlədən ERASMUS+ proqramının növbəti mərhələlərinə müraciət etmək imkanları xeyli artmışdır. Son 5 ildə fəaliyyəti dövründə təhsil, elm və təcrübə sahələrində əməkdaşlıq üzrə Macarıstanın Dunayvaroş, Szent İstvan, Debrecen, Kapoşvar, Korvinus universitetləri, Türkiyənin İstanbul, Bartın, Namik Kemal, Girne, Yakın Doğu, Iğdır, Harran, İskenderun, Uşak, İnönü, Atatürk, Yüzüncü Yıl, Selcuk, Ondokuz Mayıs, Qazi Osman Paşa, Fırat universitetləri, Almaniyanın Bosch və Volksvagen fondları, Vaynştefan Triesdorf, Giessen, Qraysvald, Höttingen, Fraye, Münhen Texniki universitetləri və DEULA-Nienburq, LOQO, PRAXX, Apollo, Getex-Solutions, GIP, JD EAST təcrübə təşkilatları, Polşanın Poznan Təbiət Elmləri, Varşava Təbiət Elmləri, Bıdqoş Elm və Texnologiya, Krakov Dövlət Aqrar universitetləri, Hollandiyanın PETC+ təşkilatı, Sloveniyanın Nova Qoriça və İtaliyanın Florensiya Dövlət və Tuscia Universitetləri, Çin Xalq Respublikasının Şandun Kənd Təsərrüfatı Elmləri Akademiyası, Çexiyanın Mendel, Cənubi Bohemiya universitetləri, Rumıniyanın “İon İonescu de la brad” baytarlıq təbabəti, Buxarest aqronomluq və baytarlıq təbabəti, Banat Timişoara baytarlıq təbabəti, Pitesti universitetləri, Rusiya, Qazaxıstan, Gürcüstan, ABŞ, Qırğızıstan, Tacikistan, Özbəkistan, Finlandiya ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri, memorandumlar imzalanmışdır. Bu universitetlər arasında Avropa Universitetləri ilə Erasmus+ çərçivəsində əməkdaşlıq inkişaf etdirilir. Təhsil, tədqiqat və xidmət sahələri üzrə beynəlxalq əməkdaşlığın gücü və önəmini nəzərə alaraq, ADAU-da təhsil, sənaye və dövlət səviyyəsində potensial tərəfdaşlarla əməkdaşlıq müzakirələrinə daim şərait yaradılır. Təsadüfi deyil ki, dünyanın 50-yə yaxın universiteti ilə ADAU-nun əməkdaşlıq müqaviləsi var. Universitetdə hər il ənənəvi olaraq ərzaq təhlükəsizliyi, ətraf-mühitin qorunması, beynəlxalq əməkdaşlıq, elm, təhsil və sənayenin inteqrasiyası, regionlarda həyat şəraitinin yaxşılaşdırılmasına dair beynəlxalq elmi-praktiki konfranslar keçirilir. ADAU-da bir sıra xarici dövlətlərin nümayəndələri rəsmi səfərdə olmuşlar. Onlardan xarici ölkələrin Azərbaycandakı səfirlik nümayəndələrini (ABŞ, Hindistan, Macarıstan, Almaniya və Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Türkiyənin konsulu, Fransa səfirliyinin universitetləri üzrə attaşesi, BMT-nin (UNESCAP) nümayəndə heyəti, ABŞ səfirlik nümayəndələri, hərbi işlər üzrə attaşesi), Niderland Krallığının aparıcı aqrobiznez şirkətlərinin rəhbərləri, İtaliyanın Ferrero şirkətinin nümayəndələri və s. göstərmək olar.


Son illərdə artan reytinqin nəticəsidir ki, ADAU Fəxri Doktorlarının sayı artmışdır. Fəxri Doktor adına layiq görülmüş şəxslər aşağıdakılardır: Vayra Vike Freyberqa – Professor, Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri; İsmayil Serageldin – Professor, Misirin İsgəndəriyyə kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri; Yespolov Tlektes Isabayeviç - Akademik, Qazaxıstan Milli Aqrar Universitetinin rektoru; Mohammad Babadoost - ABŞ İllinois Universitetinin professoru; Vladimir Bautin - Rusiya Dövlət Aqrar Universitetinin professoru; Guy Smagghe - Belçika Ghent Universitetinin professoru; Cəlilov Fevzi Seyid-Umeroviç - K.A. Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetinin-MKTA-nın professoru.

 

ADAU-ya rektorların ən yaxşısı rəhbərlik edir

 Son illərdə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə universitetin alimlərindən 4 nəfərə “Əməkdar müəllim” fəxri adı verilmiş, 1 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Bütövlükdə aparılan işlərin nəticəsi ictimaiyyət nümayəndələri tərəfindən də çox yüksək qiymətləndirilmiş, rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov sosial şəbəkələrdə və internet səhifələrində keçirilmiş sorğuların bir neçə dəfə qalibi olmuşdur. Instaqram sosial şəbəkəsində "Azerbaijani.studentss" səhifəsi tərəfindən keçirilən "ilin ən fəal və ən yaxşı rektoru" seçimi müsabiqəsi keçirilmişdir. Şərtlərə görə müsabiqə-yarışmaya 13 rektor qatılıb. Səsvermə isə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun xeyrinə yekunlaşıb və 2.495 bəyənmə toplayaraq “İlin rektoru” secilib. Məktəbgushesi.az internet portalının kollektivi ümumilikdə ölkənin 31 ali təhsil ocağını əhatə edən virtual sorğularının izi ilə ADAU-ya səfər edib və qeyd olunan saytda keçirilən sorğunun nəticələrinə əsasən birinci yerin diplomunu təqdim ediblər. Səsvermənin nəticələrində İlk beşlikdə yer alan universitetlər sırasına 1107 səslə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) liderlik edibdir. İkinci yerə 462 səslə Lənkəran Dövlət Universiteti (LDU), üçüncü yerə isə 290 səslə Qərb Universiteti yiyələniblər. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 227 səslə 4-cü, Gəncə Dövlət Universiteti isə 114 səslə 5-ci yerləri bölüşübdür.

 

ADAU təhsilin və idarəetmənin keyfiyyətinə görə birinci yerdədir

Məktəbgushesi.az internet portalı təhsil spektrini əhatə edən inkinci sorğusunda da ADAU birinci yerin qalibi olmuşdur. Belə ki, “Təhsilin və idarəetmənin keyfiyyətinə görə hansı universiteti seçərdiniz?” nominasiyalı növbəti sorğu cari ilin avqust-sentyabr aylarında reallaşdırılıb. Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsini hədəfləyən və iki ay davam edən sorğu respublikamızda fəaliyyət göstərən 31 universitet arasında keçirilib. Ümumilikdə sorğuda 17.948 respondent iştirak edib və 4288 səslə ADAU birinci yerə layiq görülübdür.

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) tərəfindən 2016-ci il üzrə müəyyən edilmiş ali məktəblərin reytinq göstəricilərində ADAU-nun ilk sıralarda yer tutmasını da göstərmək olar. Belə ki, qeyd olunan təşkilat tərəfindən nəşr olunmuş “Azərbaycan Respublikasının ali məktəblərinin reytinqi-2016” adlı kitabda respublikanın 21 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəlində universitet 729 balla Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri sırasında 1-ci, respublikada 5-ci yerə layiq görülmüşdür.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İctimai Təşəbbüslərin dəstəklənməsi layihəsi" çərçivəsində Azərbaycandan kənarda Təhsil Almış Məzunlar təşkilatı tərəfindən Azərbaycanda Ali Məktəblərin reytinq cədvəli hazırlanmışdır. Cədvəldə Azərbaycan Dövlət Aqrar Universiteti Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri sırasında 1-ci, Respublika ali təhsil müəssisələri arasında 7-ci yeri tutub. Bunula əlaqədar layihə çərçivəsində “Azərbaycan respublikasının ali məktəblərinin reytinqi - 2014” kitabı çap olunub.

23-24 aprel 2015-ci il tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş Qara dəniz regionu ölkələrindən olan rektorların 11-ci konfrasının sessiyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Asambleyasının qərarına əsasən Azərbaycan Dövlət Aqrar Universiteti təşkilata üzv qəbul olunmuşdur. Təşkiiat dünyanın 12 ölkəsinin 120

universitetini özündə birləşdirməklə, üzvlər arasında təhsil, elmi-tədqiqat və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi missiyasını yerinə yetirir. Hazırda Gəncə şəhərindən yalnız Azərbaycan Dövlət Aqrar Universiteti qeyd olunan təşkilatın tamhüquqlu üzvüdür.

 Ancaq çox təəssüf hissi ilə qeyd edirik ki, bəzi kütləvi inbformasiya vasitələrində ADAU-nun fəaliyyətinə və onun rektorunun xidmətlərinə kölgə salmağa hesablanmış yazılar dərc olunur. Bu ilin iyun ayının əvvəlində Gəncədə baş vermiş məlum hadisələrdən sonra KİV-də ADAU-nu hədəfə götürən məqalələrin də sayında da çoxalma müşahidə olunurşBu da həmin media qurumlarının pozucu qüvvələrlə əlbir olduqlarından şübhələnməyə əsas verir. Lakin yayılan həmin informasiyalar ən vacib komponentdən.həqiqətdən məhrumdur deyə "ayaq tutub yeriyə" bilməzlər. Ölkəmizin tərəqqipərvər jurnalistləri ADAU-da görülən işləri və çox hörmətli rektor İbrahim Cəfərovun xidmətləri, bu ali təhsil müəssisəsinin respublikamızın aqrar sektorunun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirirlər.

Bütün bunlar Kənd Təsərrüfatı naziri İnam Kərimovun və Gəncə şəhər icra hakimiyyətinin başcısı Niyazi İbrahimovun yeni tədris ilində (2018/2019) ADAU-də etdiyi cıxışlarında bir daha öz əksini tapmışdır.

Zaur VƏLİYEV

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov