bizimaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin təkbətək görüşü keçirilib.
Sonra Baş nazir Novruz Məmmədovun və Baş nazir Mamuka Baxtadzenin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycanın Baş naziri Novruz Məmmədov Mamuka Baxtadzeni Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan-Gürcüstan əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini bildirən Novruz Məmmədov qeyd edib ki, Gürcüstanın Baş naziri təyin olunmasından qısa müddət sonra Mamuka Baxtadzenin Azərbaycana səfər etməsi dost ölkələrimiz arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunun göstəricisidir.
Baş nazir Novruz Məmmədov Azərbaycanın Gürcüstan ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq deyib: “Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini daha da genişləndirmək qarşımızda duran əsas vəzifədir. Hesab edirəm ki, Sizin bu səfəriniz Azərbaycan-Gürcüstan münasibətlərinin bütün sahələrdə daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq”.
Novruz Məmmədov Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin və ölkələrimizin iştirakı ilə reallaşdırılan strateji layihələrin regionun inkişafında və bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan Baş nazir Novruz Məmmədov bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, Azərbaycanın prinsipial mövqeyidir.
Gürcüstanın Baş naziri Mamuka Baxtadze də öz növbəsində Novruz Məmmədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri vəzifəsində Azərbaycanda dəfələrlə olduğunu xatırladan Mamuka Baxtadze Gürcüstanın Baş naziri kimi Bakıya səfər etməsindən qürur hissi keçirdiyini qeyd edərək deyib: “Hər səfərimdə Bakının daha da gözəlləşdiyinin şahidi oluram. Azərbaycanın uğurları bizi çox sevindirir”.
Gürcüstanın Baş naziri səfər çərçivəsində bir sıra görüşlər keçirdiyini, səmərəli müzakirələrin aparıldığını diqqətə çatdıraraq bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar, iki ölkə arasında möhkəm və tarixi köklərə əsaslanan dostluq münasibətləri mövcuddur. Bu əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar var.
Söhbət zamanı kənd təsərrüfatı, turizm, sərmayə qoyuluşu, həmçinin idman, təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.