Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən tikinti şirkətinin vəzifəli şəxslərinin daha bir məhkəməsi başlayıb. Onlar bu dəfə də bir evi bir neçə nəfərə satmaqda ittiham edilirlər.
bizimaz.az Bu dəfə də həmin şəxslərin işinə Bakı Ağır Cinayərlər Məhkəməsində baxılır.
Onlar dələduzluqda təqsirləndirilən Çingiz Məmmədov və İsa Məmmədovdur. Məhkəmənin hazırlıq iclası hakim Azad Məcidovun sədrliyi ilə keçirilib. Baxış iclası avqustun 1-nə təyin edilib.
Qeyd edək ki, hər iki şəxs “İdeal-V” tikinti şirkətinin vəzifəli şəxsləridir.
Onlar barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmışdı.
Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı şirkətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.
Onlar cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəlki məhkəmənin hökmü ikə Çingiz Məmmədov 10 il, İsa Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu dəfə də eyni dələduzluq əməli üzrə ayrı-ayrı şəxslərin şikayəti əsasında məhləmə iclası başlayıb.