Xəbər lenti

Natiq Cəfərli: “Ehtimal və ümidlərimiz var ki, o, öz azadlığına qovuşacaq”

 

bizimaz.az Bu ilin mayında ölkə başçısı tərəfindən böyük əfv sərəncamı imzalandı. Həmin sərəncama əsasən 600-dən çox məhkum azadlığa çıxdı. Bu il həmçinin Azərbaycanda böyük amnistiya aktının qəbul ediləcəyi ilə bağlı da məlumatlar var. Hazırda Azərbaycanda siyasi məsələlərlə bağlı həbs olunmuş bir neçə məhbus var ki, ictimaiyyətdə xüsusilə onların azadlığa buraxılacağı ilə bağlı məlumatlar dolaşır.

Həbsdə  olanlardan REAL sədri İlqar Məmmədov, AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Seymur Həzi, vəkil Əliabbas Rüstəmov və NİDA-çı İlkin Rüstəmzadə kimi şəxslərin adlarını qeyd edə bilərik.

İyulun 16-da  Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu REAL hərəkatının sədri İlqar Məmmədov barədə qərarı elan edib. Qərara görə, Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələrilə məhkum edilməsinə dair cinayət işinin icraatı zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının pozulamasına dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli “İlqar Məmmədov Azərbaycana qarşı” iş üzrə qərarında şərh edilmiş hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar müəyyən edib. Ali Məhkəmənin Plenumu aşağıdakıları qərara alıb:

“Məmmədov İlqar Eldar oğlunun Azərbaycan Respublikası CM-in 220.1 və 315.2-ci maddələrilə məhkum edilməsinə dair cinayət işi üzrə onun barəsindəki Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 noyabr 2016-cı il tarixli və Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2016-cı il tarixli qərarları ləğv edilib”.

Cinayət işi apelyasiya qaydasında yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hüquq müdafiəçiləri açıqlamalarında bildiriblər ki, oktyabr ayına qədər İlqar Məmmədovun azadlığa çıxacağını gözləyirlər. Lakin onların sözlərinə görə, bu il dekabr ayına qədər növbəti əfv sərəncamının imzalanacağını düşünmürlər.

“Yeni Müsavat”a danışan REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib ki,  İlqar Məmmədov bir neçə gün bundan öncə evi ilə əlaqə saxlayıb: “Ötən həftə isə həyat yoldaşı onunla görüşmüşdü. Hələ ki böyük dəyişikliyin olduğunu söyləmək mümkün deyil. Ən azından İlqarın özünə azadlığa çıxacağı və ya digər bu kimi məsələlərlə bağlı heç bir məlumat verilməyib. Plenumun qərarı da hələ ki İlqara təqdim edilməyib. Lakin bu günlərdə təqdim olunmalıdır. Çox təəssüf ki, bu qərara əsasən İlqar yenidən Şəkiyə köçürülməlidir. Hazırda İlqar Binədə 2 saylı cəzaçəkmə müəssisəsindədir. Yenidən apelyasiya qaydasında baxılması üçün Şəkiyə göndəriləcək. Bu ayın sonu, gələn ayın əvvəllərində əgər ciddi dəyişiklik olmasa, İlqar Şəkiyə aparılacaq və orada məhkəmənin günü təyin olunacaq. Bizim vəkil və sorğular vasitəsilə öyrənməyə çalışmışıq ki, məhkəmənin ilkin iclası təxminən nə zamana təyin olunacaq. Orada bir neçə iclasın olması gözlənilir. Plenum qərarına görə, çox qəribədir ki, İlqarla bağlı qəbul edilmiş bütün qərarlar ləğv edilib. Avropa Məhkəməsi tələb edirdi ki, ilkin məhkəmələrin verdiyi qərarlarda qüsur və problemlər olub, İlqar siyasi fəaliyyətinə görə həbs edilib. Dolayısı ilə plenum Avropa Məhkəməsinin qərarını sanki icra etmiş sayılır. Ancaq İlqar yenə də azadlığa buraxılmadı.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Məhkəmənin nə zaman olacağı ilə bağlı hələ ki heç bir məlumat yoxdur. Ancaq prosedur qaydalarına görə, təqribən avqustun sonu, sentyabrın əvvəllərində məhkəmənin ilkin iclası olmalıdır. İlqarın azadlığa çıxıb-çıxmayacağı isə bu məhkəmə qərarından asılı olacaq. Əslində İlqarla bağlı qərar siyasidir. Siyasi qərarı da məhkəmə, obrazlı desək, səsləndirəcək. Ehtimallardan biri də odur ki, əgər plenum qərarı yenidən baxılıb Ali Məhkəmədə həmin qərarlardan göstərilən qüsurlar aradan qaldırılacaqsa, İlqar Məmmədov azadlığa çıxa bilər. Ancaq təbii ki, bu, siyasi qərardan asılı olacaq. Ehtimal və ümidlərimiz var ki, İlqar Məmmədov öz azadlığına qovuşacaq. Artıq 5 il yarımdır ki, insan günahsız yerə həbsdədir. Cəzasını çəkib bitirməsinə isə cəmi 1 il yarım qalıb. Çox böyük ehtimal ki, Şəki məhkəməsi şərti azadlığa çıxmaqla və ya cəzasının böyük hissəsini çəkdiyini nəzərə almaqla qərar çıxara bilər. Ancaq müddətlərlə bağlı heç bir fikir deyə bilmərik”.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. REAL sədri kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov