Bakı Konqres Mərkəzində “SABAHın məzunu” mərasimi keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, I vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, rektorlar, media kapitanları və tələbələr iştirak ediblər.
Mərasimdə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın “SABAHın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub.
Müraciəti Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, I vitse-prezidentin köməkçisi Y. Məmmədəliyev oxuyub.
“Yaradılmış bu şəraitdən yararlanaraq məzun olmaq bir uğurdur və sizin peşəkar inkişafınızda müstəsna rol oynayacaq. Əminəm ki, sizin hər biriniz bu imkandan düzgün şəkildə istifadə edərək arzuladığınız peşəkar fəaliyyətlə məşğul olacaqsınız. Əminliklə deyə bilərəm ki, təhsil strateji və prioritet sahə olmaqla dövlətimizin daim diqqət mərkəzindədir.
Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ölkəmizdə təhsil sahəsində bir sıra əsaslı islahatlar keçirilib və bu proses indi də davam edir. Bizim əsas hədəflərimizdən biri universitetlərdə tədrisin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələblərinə cavab verən məzunlar yetişdirməkdir.
“Təhsil millətin gələcəyidir” - məhz bu fikri əsas tutaraq ölkə rəhbərliyinin başçılığı ilə son illərdə təhsil sahəsində bir sıra yüksək göstəricilərə nail olmuşuq. Bu gün Azərbaycanda savadlılıq demək olar ki, 100 faiz təmin olunub. Belə bir mühit ilk növbədə sizə-gənclərə çoxsaylı imkanlar yaradır. Təbii ki, ölkəmiz son illər ərzində bütün sahələr üzrə inkişaf edir.
Prezident İlham Əliyevin söylədiyi kimi, biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, gənclər bilikli olmalıdır. Bu fikir şübhəsiz bizim gələcəyə baxışımızı və hədəflərimizi müəyyən edir”.