Ümumilikdə isə hazırda BŞİH-də təkcə başçının deyil, onun iki müavininin də yeri boş qalıb
bizimaz.az Artıq iki aydır ki, Bakı Şəhər İcra Hakimiyyəti postu boş qalıb. Paytaxta kimin rəhbərlik edəcəyi ilə bağlı səslənən versiyalar isə hələ ki təsdiqini tapmayıb. Bu posta təyinatın olmaması ictimaiyyətdə bir çox məlumatların da yayılmasına səbəb olub. İddialara görə, Bakıda böyük şəhər bələdiyyəsi formalaşdırılması planı var. Bu səbəbdən də şəhər başçısı postuna təyinatın olmadığı qeyd olunur.
Məlumat üçün qeyd edək ki, prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşdi. Sərəncama əsasən, hökumətin tərkibində xeyli dəyişikliklər oldu. Təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun baş nazirin müavini vəzifəsinə gətirilməsi idi. Abutalıbovdan sonra Bakı şəhər icra başçısının vəzifələrini müvəqqəti olaraq BŞİH-də yeganə müavin olan Fidumə Hüseynova icra edir. Ümumilikdə isə hazırda BŞİH-də təkcə başçının deyil, onun iki müavininin də yeri boş qalıb.
BŞİH rəhbərliyində 3 əsas vəzifə var – başçı və iki müavin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov ötən il iyulun 20-də vəfat edib. Həmin vaxtdan bu günə qədər onun da yerinə təyinat olmayıb. Digər müavin isə yuxarıda da qeyd etdiyimiz kimi başçının səlahiyyətlərini icra edir. Həm də bu baxımdan fikirlər dolaşır ki, ümumilikdə BŞİH-də idarəçilik sistemi dəyişdirilə bilər.
“Yeni Müsavat”a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, əslində konstitusiyamıza görə, Bakıya xüsusi bir status verilməlidir: “Çünki ölkənin paytaxtıdır və Bakı şəhərinin statusu haqqında qanunun qəbul edilməsinə ehtiyac var. Əlbəttə ki, bu qanun qəbul edilərsə, orada artıq idarəetmə formasının təşkili məsələsi də öz əksini tapar. Başçının müəyyənləşməsi ya seçkili, ya da təyinatlı formada olmalıdır. Yaxud da Bakı şəhər bələdiyyəsi ilə bağlı məsələlərə diqqət yetirilməlidir. Böyük şəhər bələdiyyəsinin yaradılmasına ehtiyacın olub-olmaması araşdırılmalıdır. Bələdiyyələrlə bağlı məsələlər ”Bələdiyyələrin statusu haqqında” Qanunda öz əksini tapmalıdır. Hər halda, Bakı şəhəri haqqında konstitusiya qanunu qəbul edilərsə, bu məsələlər öz həllini tapa bilər. Şübhəsiz ki, Bakı şəhərinin idarəetmə formasında dəyişiklik zəruridir. Mövcud idarəetmə forması sistemi Bakı şəhərinin tam olaraq təkmil idarəetməsini rasional formada təmin etmir. Bakı şəhər bələdiyyəsini də yaratmaq, merin seçkisi məsələsini müəyyənləşdirmək olar. Dünyanın bir çox ölkələrində paytaxtla bağlı xüsusi status var. Burada paytaxt merinin müəyyənləşməsi məsələsi də seçki yolu ilə həll olunur. Hər halda, bizdə də bu barədə düşünmək olar”.
Bu məsələlərin öz həllini necə tapacağına gəlincə, ekspert dedi ki, qeyd edilənlər Milli Məclisin səlahiyyətləri daxilindədir: “Yaxud da ölkə başçısı tərəfindən Bakı şəhərinin statusu haqqında konstitusiya qanunun qəbul edilməsi ilə bağlı təşəbbüs verilə bilər. Hər halda, bu, artıq müvafiq strukturların həll edəcəyi məsələdir”.
Ekspert hesab edir ki, Bakı şəhəri ilə bağlı idarəetməyə bir də baxılması yaxşı olar: “Çünki mövcud idarəetmə rasional idarəetmə sistemi deyil. Bir çox suallarla hər zaman qarşılaşırıq. Burada mərkəzi icra hakimiyyəti orqanları ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında səlahiyyət bölgüsü məsələsinə də baxmaq lazımdır. Bakı şəhəri idarəetmə zamanı tam olaraq bütün məsələlərdə qərar qəbul etmək səlahiyyətinə malikdirmi? Əlbəttə ki, yox. Adicə kanalizasiya sisteminin qurulması, Bakı şəhərinin enerji ilə təmini məsələsi qurumun səlahiyyətindən kənardır. Təsərrüfat sahəsində də heç müstəqilliyə malik deyil. Bütün hallarda müvafiq agentliklərdən, departamentlərdən asılıdır. Eyni zamanda Bakı şəhərində tikinti ilə bağlı məsələlərdə də tam səlahiyyətə malik deyil. Yaxud da bu səlahiyyətlərin icrasında qüsurlar var. Bütün bunlara baxılmalıdır. Nəzərə alınmalıdır ki, ölkə başçısı Bakı şəhərinin inkişafına xüsusi diqqət ayırıb. Ölkəyə gələnlərin ilkin qarşılanma məsələsi Bakıda baş verir. Paytaxt günü-gündən gözəlləşir, yeni infrastrukturlar yaranır. Ancaq bütövlükdə bunun Bakı şəhər hakimiyyət orqanları tərəfindən idarə edilməsinə heç bir aidiyyəti yoxdur. Bu, cənab prezidentin göstərişləri, iradəsi əsasında baş verir. İcra hakimiyyəti isə burada yanakı funksiyanı yerinə yetirir. Hər halda, ölkədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində addımlar atılır, islahatlar gedir. Bu amil də güman edirəm ki, nəzərə alınacaq. Digər icra hakimiyyətlərində hansı dəyişikliklərin olması isə Bakı şəhərində idarəetməni nə cür görəcəyimizdən asılıdır. Bəlkə heç rayon icra hakimiyyətlərinə ehtiyac olmayacaq və sadəcə olaraq, ərazi idarəetməsi müəyyənləşəcək. Bununla bağlı düşünmək lazımdır. Hansı konsepsiya qəbul ediləcəksə, bunun əsasında idarəetməni də qurmaq olar”.
Onu da qeyd edək ki, mətbuatda irəli sürülən versiyalardan indiyə kimi BŞİH-ə başçı kimi bir neçə şəxsin adı hallanıb. Onlardan biri Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. Məlumatlara görə, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır. Digər versiyaya görə, Abutalıbovun yerini “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxov tuta bilər. Onunla bağlı da mətbuatda xeyli materiallar dərc olunub.
Abutalıbovun yerinə əsas namizədlərdən biri kimi isə “AzərGold” qapalı səhmdar cəmiyyətinin sədri Zakir İbrahimovun adı çəkilir.
Yeni yaradılmasına baxmayaraq, “AzərGold” qızıl yataqlarının kəşfiyyatı, qızıl və gümüşün hasilatı və ixracı sahəsində xeyli işlər görüb. Onun fəaliyyəti sayəsində Azərbaycanın qeyri-neft ixracatında qızıl ikinci yerə yüksəlib.