Xəbər lenti



ABŞ Prezidenti Donald Tramp Türkiyə Prerzidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

bizimaz.az virtualaz.org-a istinadən bildirir ki, ABŞ Prezienti Türkiyə rəhbərinə minnətdarlığını özünün "Twitter"dəki səhifəsində bildirib.

"Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Ağ Ev rəhbəri yazıb.



Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 28 il ötür.

XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində SSRİ respublikalarında da mərkəzdənqaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edilib.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.

1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.



Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53894 nəfər və ya  0,5 faiz artaraq 2019-cu il sentyabr ayının 1-i vəziyyətinə 10035351 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən "Qafqazinfo"ya verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşan, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. 

Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər təşkil edir.



Hansı sahədə iş getmirsə, heç ora nəzər salmırlar. Bunu bilərəkdən edirlər ki, qoy həmin insan o sahəni batırsın

Bu gün Azərbaycanda geniş şəkildə keçirilən islahatları qəbul etməyən insanlar var. Onları iki hissəyə bölə bilərik.

Bu bu sözləri “Yeni Müsavat”ın canlı yayımında oktyabrın 15-də Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirə barədə sualları cavablandıran YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, islahatları qəbul etməyənlər vəzifədən azad edilməsi ilə barışa və inkişafla ayaqlaşa bilməyəndir:

“İslahatları qəbul etməyənlərin bir hissəsi keçmiş psixologiyaya sahib insanlardır ki, onların beynində “məni çıxardıb başqasını vəzifəyə gətirdilər, demək ki, bu, pisdir” düşüncəsi qalıb. Lakin onlar bilməlidirlər ki, o şəxs vəzifədən azad edilibsə, onun yerinə yenisi təyin edilməlidir. Və yaxud da görürsən ki, “Eşitmişəm, filankəs mənim yerimə gəlir”, deyib mübarizə aparır. Onlar hesab edirlər ki, bu yer onundur, onun adına yazılıb və başlayır həmin şəxsə qarşı mübarizə aparmağa. Ondansa, işlərini düzgün qurmağa çalışmalıdırlar ki, Prezident tərəfindən qiymətləndirilsinlər. Onları vəzifədən çıxardıqdan sonra kimin vəzifəyə gətirilməsi Prezidentin səlahiyyətindədir.

İslahatları qəbul etməyən ikinci qrup insanlar isə, Prezident İlham Əliyevin müşavirədə toxunduğu kimi, köhnə düşüncə tərzinə sahib olan və düşüncə olaraq sovet məkanında qalan insanlardır ki, onlar bugünkü reallığı və dünyada gedən prosesləri, atılan addımları qəbul etmirlər. Bu sürətə çata bilməyən insanlar özü istefa mədəniyyətindən istifadə etməlidir. O şəxs bilməlidir ki, onun bugünkü vəziyyəti mövcud ictimai, siyasi və sosial vəziyyətə cavab vermir. Avtomatik olaraq, geri çəkilməli və yeni kadrlar gəlməlidir”.

S.Novruzov Prezidentin məsələ ilə bağlı konkretləşdirdiyi fikrinə də münasibət bildirib:

“Bu günlər görülən işlərə kölgə salmaq üçün Prezidentin siyasətinə sədaqətlə xidmət edənlərə, yeni islahatlar, yeni təfəkkür və yeni baxışı olan insanlara qarşı hücuma keçirlər. Hansı sahədə iş getmirsə, heç ora nəzər salmırlar. Bunu bilərəkdən edirlər ki, qoy həmin insan o sahəni batırsın. Kim ki işləyir, onu hədəfə alırlar. Hədəf iki istiqamətdə aparılır. Biri daxildən müəyyən məsələlərlə bağlıdır. Buna şayiələr, söhbətlər və başqa məsələlər daxildir.

 

Digəri də xaricdə həm erməni lobbisi, həm də ayrı-ayrı strukturlar tərəfindən maliyyələşən, guya siyasi baxışlarına görə ölkəni tərk edən, əslində heç ali təhsili olmayan, əlində qələm tutmağı bacarmayan, söyüş mafiyasında iştirak edən insanlara vəsait ötürməklə, onlar vasitəsi ilə bu məsələlərə toxunurlar. Məqsəd də öz üzərlərindən diqqəti yayındırmaqdır”.

Millət vəkili Prezident İlham Əliyevin hansı sahədə yeni islahatlar keçiriləcəyi ilə bağlı da danışıb. O, bununla bağlı araşdırma və təhlillər aparıldıqdan sonra islahatlar aparılacığını qeyd edib:

“Hansı sahədə islahatların aparılması Prezidentin səlahiyyətinə daxil olan məsələdir. Hər bir sahədə araşdırma, təhlillər aparılır və göstəricilər ortaya qoyulur. Burada daxili tədqiqatla yanaşı, eyni zamanda Beynəlxalq Valyuta Fondu, Davos Ümumdünya İqtisadi Forumu kimi beynəlxalq təşkilatların da təhlilləri daxildir. Həmin təhlillərdə investisiya cəlb olunması üçün Azərbaycanın durumu, məmurların buna yanaşma tərzi və hansı sahədə problemlər yaradılması əksini tapır. Bütün bunların kompleks şəkildə analizı aparıldıqdan sonra Prezident İlham Əliyevə təqdim olunur və o lazımi ölçüləri götürür”.

AzNews.az

 
 

Xalqımızın müstəqil dövlət quruculuğu yolu heç də asan olmamışdır

2019-cu ilin oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi səkkizinci ildönümü tamam olur.

Bu illər ərzində demokratik, hüquqi və dünyəvi bir dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

Lakin xalqımızın müstəqil dövlət quruculuğu yolu heç də asan olmamışdır. 1991-ci ildə sovet imperiyasının süquta uğraması nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə nail oldu. Ancaq digər respublikalardan fərqli olaraq, respublikamızı bu müstəqilliyə, azadlığa aparan yollara qanlar töküldü, şəhidlər verildi. Eyni zamanda fərq onda idi ki, Azərbaycan xalqı müstəqilliyin nə demək olduğunu daha yaxşı bilirdi. Çünki xalqımız XX əsrin əvvəllərində müstəqilliyin sevincini artıq bir dəfə yaşamışdı və əldə etdiyi növbəti-əbədi müstəqillik əsrin sonlarına doğru Azərbaycanın siyasi tarixinin möhtəşəm hadisəsi idi.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Sovetinin xalqın tələbi ilə çağrılmış növbədən kənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” nı qəbul etdi. Ancaq müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O dövürdə hakimiyyətdə olan siyasi qüvvələrin səriştəsizlikləri az qala bu müstəqilliyin də məhf olmasına gətirib çıxaracaqdı. 1991-1993 –cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər.

Belə bir vəziyyətdə Azərbaycan xalqının tələb və istəyi ilə hakimiyyətə gələn xalqımızın ümumilli lideri Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən xilas etdi. 1993-cü ilin iyun ayından dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını, müdrikliklə, yenilməz iradə, qətiyyətlə və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi? Dövlət müstəqilliyinin qorunub saxlanması ilə bağlı Ulu öndər Heydər Əliyev demişdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir”.

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdir: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyduq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”

2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan iqtisadiyyatın bütün sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafını, xalqın sosial-rifah halının yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlayır.

Heydər Əliyev siyasətini layiqincə davam etdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir.

 

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin, müstəqillik tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ulu öndərin yeni neft strategiyasının uğurla həyata keçirilməsi, iri miqyaslı enerji layihələrinin reallaşması və yeni iri miqyaslı sosial-iqtisadi layihələrin reallaşması, regionda və eləcə də dünyada cərəyan edən proseslərə dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın dövlət müstəqilliyinin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə və qüdrətlənməsinə xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müyyənləşdirilən və həyata keçirilən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycan sürətlə inkişaf edərək həm iqtisadi həmdə sosial sahədə böyük uğurlar qazanıb. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Ölkədə 2 milyon yeni iş yeri açılıb, əməkhaqqı 7 dəfə, pensiyalar 9 dəfə artıb. İşsizlik səviyyəsi 5%-ə, yoxsulluq səviyyəsi 49%-dən 5,4 faizə endirilmişdir. Son 15 ildə 3200 dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 Olimpiya idman kompleksləri yaradılıb.

Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və güclənməsinə şərait yaratmışdır. İnamla qeyd etmək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabər hüquqlu üzvü, söz sahibi olan dövlətdir. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu onu göstərir ki Azərbaycan dünya miqyasında böyük nüfuza malik dövlətə çevrilib. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevtilmişdir. Bakıda 500 milyonluq auditoriyası olan Formula 1 yarışı yüksək səviyyədə təşkil olunur. 2015-ci ildə ilk dəfə Bakıda I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu. Ötən dövr enerji-nəqliyyat sektoru üçün də çox uğurlu olub. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri, 2007-ci ildə Bakı-Tbilisi- Ərzurum qaz kəməri istifadəyə verilib. “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə müqavilənin müddətinin 2050-ci ilə kimi uzadılması çox böyük əhəmiyyətə malikdir. 29 may 2018-ci il tarixdə “Cənub Qaz Dəhlizinin“ rəsmi açılış mərasimi keçirilib.

Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaqdır.

Rauf Əliyev
Millət vəkili

 

 

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, həmsədrlər oktyabrın 15-də Yerevanda Ermənistan Baş naziri Nikol Paşinyan, oktyabrın 17-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçiriblər, hər iki ölkənin paytaxtında bu ölkələrin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar.

Səfər zamanı həmsədrlər Dağlıq Qarabağın de-fakto rəhbərliyi, Bakıda isə həmsədrlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ilə də görüşüblər.

Dağlıq Qarabağda olarkən vasitəçilər Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndəsi tərəfindən humanitar məsələlər haqqında məlumatlandırılıblar.

 

Bəyanatda qeyd olunub ki, hər iki ölkənin liderləri həmsədrlərə Aşqabatdakı MDB ölkələri sammitində aralarında olan son söhbət barədə məlumat verərək, münaqişənin həlli prosesinin irələməsi üçün ideyalarını təqdim ediblər. Həmsədrlər ölkələrin əhalisinin sülhə hazırlanması və gərginliyin azaldılması üzrə təhlükəsizlik və humanitar tədbirlərin icra olunması prespektivlərini alqışlayır.

AzNews.az



Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Dövlət Dumasının deputatı Konstantin Zatulinin işğal altındakı Dağlıq Qarabağa səfər etməsi və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə bağlı Rusiyaya verdiyi notaya münasibət bildirib.

APA-nın xəbərinə görə, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan tərəfindən diplomatik kanallarla notanın daxil olduğunu təsdiqləyib.

“Deyə bilərəm ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında çoxdandır ki, Azərbaycan hökumətinin xüsusi razılığı olmadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ona bitişik yeddi rayona səyahət edən vətəndaşların Azərbaycan tərəfi ölkəyə girişinə qadağa qoyur. Bu xəbərdarlıq saytda yerləşdirilib. Bu aktual xəbərdarlıqdır və bu hamıya aiddir”, - deyə M.Zaxarova qeyd edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov