Xəbər lenti


 
Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin qız nəvəsinin qalmaqallı toy mərasimi və onu müşaiyət edən qalmaqallar gündəmi zəbt edən ən aktual müzakirələrə yol açıb. R.Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin toy sahibi kimi karantin rejiminin pozulmasına görə təqsirləndirilərək 15 sutka həbs edilməsi, mərasimə qonaq qismində qatılan YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzova töhmət verilməsi, ardınca onun partiyadakı vəzifəsindən istefa verməsi, YAP-ın rəhbər strukturunda təmsil olunan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun, eks-Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun və başqalarının cərimələnməsi bu gərginliyi artıran səbəblərdir.


İndi hamıı bu suallar düşündürür:
- Karantin qaydalarının pozulduğu toy mərasimində iştirak edən bütün məşhurlar cəzalanıbmı, nəzərdən yayınan olmayıbmı?;
- Yalnız inzibati cəza öndə olan ziyalılar hesab edilən, cəmiyyətdə al mənsəb tutan, iyerarxiya nərdivanında yüksək pillələrdə qərarlaşan bu şəxslər üçün çox yünğül deyilmi?;
- Məlum toy iştirakçılarının məşhurluqlarından başqa əllərində daha hansı “kozırları” var ki, onları dövlətə meydan oxumağa, qanunlara tüpürməyə cəsarət verir?
Bəlkə malları, pulları, dövlətləri onları cəsarətləndirir? Axı onların aldıqları halal vəzifə maaşları, pensiyaları təmtəraqlı, dəbdəbəli həyat tərzi keçirmələrinə imkan etməməliydi. Bax elə bu məqamda korrupsiya amili yada düşür. Qol qoyduğqları rüşvətxorluğa, maxinasiyalara görə onlardan vaxtında məsuliyyət sorulmadığına görə indi özündən müştəbehlikləri bu hala gətirib çıxarıb. Hamısının yaxın keçmişi araşdırılmalıdır.



Götürək elə məclis iştirakçıları arasında necə deyərlər, ən “məzlum” görünənlərdən birini – Azərbaycan Dövlət Filarmoniyasının direktoru, professor, xalq artisti, pianoçu Murad Adıgözəlzadəni.

Parlayan hər şeyi görəndə gözü qamaşan sənətçi barəsində görəsən Mədəniyyət Nazirliyi niyə susur? Murad Adıgözəlzadənin necə kollektiv rəhbəri olmasını əməkdar artist, milli rəqsimizin canlı əfsanəsi Kamil Dadaşov KİV-ə verdiyi müsahibələrdən birində belə şərh edib:
“Vaxtilə Azərbaycan Dövlət Filarmoniyasına Niyazi, Səid Rüstəmov, Şəmsi Bədəlbəyli kimi korifeylər rəhbərlik edib. Adları çəkilən bu sənətkarlar istər sənət dünyasında, istərsə də yaradıcılıqda və idarəçilikdə "əjdaha" rəhbərlər idilər. Mən inanmıram ki, bundan sonra Filarmoniyaya belə bir rəhbərlər gəlsin. Fərq (Murad Adıgözəlzadə ilə onların arasında – red.) böyükdür. Hansını deyim? Bəyəm, birdir, ikidir. Saymaqla qurtaran deyil. Birincisi yaş məsələsidir. Səhnədə, yaradıcı adam üçün bu çox önəmlidir. İkincisi, bilikdir. Yaradıcı şəxs savadlı olmalıdır. Təyin olunduğu qurumun işini bilməlidir... Filarmoniyaya Murad Adıgözəlov kimi passiv direktor lazım deyil... Bu günün direktorlarının bir devizi var - əlinin altında işləyənlər rəhbərliyin gözünün qarşısında yaxşı görsənsinlər, vəssalam... Murad bəlkədə gözəl musiqiçidir, amma həqiqət budur ki, Murad kollektivi idarə edə bilmir. Ondan əvvəl olan rəhbərlər kollektivlə birgə yaşayırdı, dərdi-səri bir idi... Cavanlıq başqa şeydir. İşləmək ona sərf etmir... Yalandan "Mən Azərbaycanı sevirəm" deməklə deyil. Sənət, xalq yolunda ürəklə işləyəsən. Daha oturub kabinetində "onu belə edin", "bunu niyə etmədiniz" deməklə iş bitmir. Belə direktor olmaz... Görün o, kimin oğludur? Bəlkə də vəzifədə ona görə saxlayıblar...”
Hərçənd, görünən odur ki, M.Adıgözəlzadə heç də Kamil müəllimin dediyi qədər passiv deyil.Adam Azərbaycan mədəniyyətinə, incəsənətinə yetərli xidmət eləməsə də, özünə kapital, sərvət-səltənət toplamağa müəffəq olub.Hətta bir az irəli gedərək Dövlətin qanunlarına məhəl qoymur.
Bu ilin may ayında Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyatlarla Mədəniyyət nazirliyinin yüksək vəzifəl şəxsləri korrupsiya ittihamı ilə ifşa olunaraq həbs ediləndən və baş verənlərin məntiqi nəticəsi kimi Əblfəs Qarayev nazir vəzifəsindən kənarlaşdırılandan sonra mədəni ictimaiyyət birmənalı inanırdı ki, islahatların “təmizləyici küləyi” Filarmoniyanın da dəhlizlərinə dolacaq və Murad Adıgözəlzadənin də kreslosu laxlayacaq, çevirdiyi idbar işdəyəcələrin üstü açılacaq. Amma olmadı. Mənsub olduğu nəcabətli nəslin – atası professor Zöhrab Adıgözəlovun, babası yazıçı İmran Qasımovun n
nüfuzunun çətiri altında gizlənən Murad bəy necə oldusa, məsuliyyətə cəlb olunmadı. 




Doğrudur, Hesablama Palatası Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Dövlət Filarmoniyasında vergidən yayınma halları aşkar etsə də, bundan Murad Adıgözəlzadənin heç “tükü də islanmadı”.
Millət vəkili, Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun lahiyəsinin müzakirəsində çıxış edərkən, Hesablama Palatasının rəylərinin natamamlığını, əksər dövlət proqramlarının dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə öz əksini tapmamasını qınamışdı: “26 dövlət proqramının 3-ü birbaşa mədəniyyət sahəsi ilə bağlıdır. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət abidələrinin fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair dövlət proqramı artıq bitmək üzrədir. DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatlar nəticəsində bu sahəyə cavabdeh olan qurumun fəaliyyətində ciddi korrupsiya əməllərini gördük. Ona görə də bütün dövlət proqramlarının dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə öz əksini tapması çox vacibdir. Şəffaflıq dövlət proqramlarının icrası prosesində də ciddi şəkildə öz əksini tapmalıdır. İnsanlarda bu istiqamətdə sualların yaranmaması üçün görülən işlərin sənədlərdə öz əksini tapması çox vacibdir...”
İndiyədək cəm bir dəfə - 2015-ci ilin dekabr ayında mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru M.Adıgözəlzadəyə şiddətli töhmət verilib. Bu dəfə isə Murad Adıgözəlzadə daha böyük "işə" əl atıb – Azərbaycan Respublikasının qanunlarına, qanunların aliliyinin qarantı olan Prezidentin iradəsinə qarşı çıxıb. 400 manat (həyat yoldaşı ilə birgə 800 manat) cərimə ilə yaxasını qurtarmalı deyil.

Yəqin ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov dövlətin qanunlarını pozan Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadəyə gözün üstə qaşın var deməyəcək. Uzun illər Filarmoniyanı şəxsi əmlakı kimi idarə edən Murad bəyi təkcə 400 manat cərimələməklə kifayətlənmək olmaz. Filarmoniyanı onun əlindən qurtarmaq lazımdır.

Zaur Vəliyev
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov