Xəbər lenti



Pakistanın Baş naziri İmran Xan ölkəsinin televiziya kanallarından birinə müsahibə verərkən jurnalist ondan  “Azərbaycanda hər yerdə Azərbaycan, Türkiyə və Pakistan bayraqları dalğalanması, Azərbaycanın Qələbə qazanması, dost ölkənin çətin mübarizə nəticəsində öz torpaqlarını erməni işğalından azad etməsi” məsələsinə münasibət bildirməsini istəyib.

AZƏRTAC xəbər verir ki, Baş nazir İmran Xan jurnalistə cavabında bildirib: “Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar”.

 



Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hakim “Mənim addımım” fraksiyasının (müxalifət iclasda iştirak etmir) üzvləri qarşısında çıxışı zamanı “Şuşanın satıldığı” barədə onun ünvanına səslənən ittihamlardan danışıb. Bildirib ki, şəhər uğrunda döyüşlərdə Ermənistan ordusu olduqca böyük itkilər verib və bu da satqınçılıq haqda söz-söhbətlərə ziddir.

“Əgər Şuşanı saxlamaq imkanı olardısa onu saxlayardılar. Mən bu haqda danışmaq istəmirdim, amma məcburam-son iki gündə Şuşa ətrafından 300-dən çox erməni döyüşçüsünün cəsədləri çıxarılıb. 300-dən yuxarı cəsəd. Siz bu döyüşün miqyasını təsəvvür edə bilirsinizmi? Amma hələ də elə adamlar var ki, generalların və ya siyasi rəhbərliyin Şuşanı döyüşsüz təslim etmək tapşırığını verdiyini deyirlər. Belədirsə bu adamlar kimin əmri ilə döyüşüblər və ölüblər?”,-Paşinyan bildirib.

Bundan əvvəl Dağlıq Qarabağda hələ də mövcudluğunu qoruyub saxlaya bilmiş qondarma rejimin rəhbəri Araik Arutyunyan Şuşa ətrafından 150-dən çox erməni əsgərinin cəsədinin toplanıb təhvil verildiyini açıqlamışdı.

Qeyd edək ki, təkcə bir epizodda xüsusi təyinatlılarımızın 30-35 nəfərlik qrupu Şuşadan Xankəndinə gedən yolda düşmənin 110-dan çox hərbçisini məhv etmişdi və onların cəsədləri günlərlə yol kənarında qalmışdı. Həmin cəsədlərin görüntüsünü Rusiya sülhməramlıları ilə regiona daxil olan”Reuters” müxbiri də çəkmişdi.

Azərbaycan tərəfinin məlumatlarına görə düşmən Şuşa uğrunda döyüşlərdə 800 nəfərə yaxın itki verib.



Noyabrın 15-də Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda 57,75 faiz səslə qalib gələn Maya Sandunun şəxsi həyatı marağa səbəb olub.

“Qafqazinfo” yeni Prezidentlə bağlı bəzi məlumatları təqdim edir:

Maya Sandu 24 may 1972-ci ildə Moldovanın Faleşteyski rayonunun Risipen kəndində anadan olub.

1989-1994-cü illərdə Moldova İqtisadi Təhsil Akademiyasında oxuyub. 1995-1998-ci illərdə Moldova Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq əlaqələr üzrə təhsil alıb. 2010-cu ildə Con F. Kennedi adına Harvard Dövlət İdarəetmə İnstitutunu bitirib.

1 iyul 1994-cü ildə Moldova İqtisadiyyat Nazirliyinin Xarici İqtisadi Əlaqələr Departamentinin Avropa Birliyi və Qara dəniz hövzəsi ölkələri ilə əməkdaşlıq şöbəsinin baş mütəxəssisi vəzifəsini tutub və 1996-cı ilin iyun ayında Beynəlxalq İqtisadi Təşkilatlarla Əməkdaşlıq Baş İdarəsində məsləhətçi olub.

1997-1998-ci illərdə Beynəlxalq İqtisadi Təşkilatlarla Əməkdaşlıq Baş İdarəsində rəhbər müavini vəzifəsində çalışıb.

1998-1999-cu illərdə məsləhətçi, 1999-2005-ci illərdə Kişinyovdakı Dünya Bankı ofisində iqtisadçı vəzifəsində çalışıb.

2005-2006-cı illərdə Moldova İqtisadiyyat Nazirliyində Makroiqtisadi Siyasət və İnkişaf Proqramları Baş İdarəsinin direktoru vəzifəsində çalışıb, 2007-ci ilin mart-sentyabr aylarında BMT-nin İnkişaf Proqramı çərçivəsində Moldovadakı proqramların koordinatoru və 2007-2009-cu illərdə mərkəzi dövlət idarəçiliyi islahatı üzrə məsləhətçi vəzifəsini tutub.

2010-2012-ci illərdə Dünya Bankının Vaşinqtonda icraçı direktorunun məsləhətçisi olub.

24 iyul 2012-ci ildə Moldovanın təhsil naziri təyin olunub. 30 iyul 2015-ci ildə istefa verib.

8 iyun 2019-cu ildə Moldovanın 13-cü Baş naziri seçilib. Lakin ertəsi gün Konstitusiya məhkəməsi bu qərarı ləğv edərək Pavel Filippi (20 yanvar 2016-cı ildən 8 iyun 2019-cu ilə qədər Baş nazir olub) geri qaytarıb.

Moldova Prezidenti İqor Dodonun növbəti istefasından və səlahiyyətləri Pavel Filippə verildikdən sonra o, 9 iyun 2019-cu ildə ilk fərmanı ilə Moldovanın 10-cu çağırış parlamentini buraxıb. Eyni zamanda parlament və yeni hökumət bu qərarı yerinə yetirməkdən imtina edib. Ölkədə siyasi bir böhran yaşanıb. Həmin ilin 14 noyabrında İon Kiku Baş nazir seçilib.

Sandu bu ilin oktyabrında “Fəaliyyət və Həmrəylik” partiyasını yaradıb. Elə prezidentliyə namizədliyini də bu partiyadan irəli sürüb.

İngilis, rumın, rus və ispan dillərində səlis danışır.

Ailəli  deyil, Kişinyovda sahəsi 74 kv.m olan iki otaqlı bir mənzildə yaşayır. Daha öncə müsahibələrinin birində prezident seçiləcəyi təqdirdə  dövlət pulunu xərcləməmək üçün oradan köçməyəcəyini bildirib.

2007-ci il istehsalı olan “Toyota Rav 4” avtomobilinə sahibdir.

 

 

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov