ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalının aparıcısı Taker Karlsonun məsləhətinə qulaq asaraq İran ərazisinə zərbəni ləğv edib.
Bizimaz.az: bu haqda “The New York Times” yazıb.
Nəşrin məlumatına görə, bombardmanın ehtimal edilən tarixinə qədər bir neçə gün ərzində prezident zərbələrin vurulmasına meylli olan hərbi məsləhətçilərini dindirirdi. Ancaq Karlson bildirib ki, Tehranın təxribatına hərbi cavab ağılsız ideya olacaq və İrana qarşı müharibənin başlanması 2020-ci ildə Trampın yenidən seçilməsi şanslarını sıfra yaxınlaşdıracaq.
Qəzet yazır ki, bu arqument prezidentin şübhələrini gücləndirib.
İyunun 21-də məlum oldu ki, Tramp İrana zərbələrin endirilməsi üçün müəyyən edilən tarixdən 10 dəqiqə əvvəl hücum əmrini ləğv edib. Prezidentin sözlərinə görə, Amerika hərbçiləri eyni anda İranda üç müxtəlif obyektə hücüm etməyə hazır idilər. Generallardan birinin hücum nəticəsində təxminən 150 insan həlak olacağını deməsindən sonra Tramp qərarını dəyişib.
Bildirilir ki, zərbələrin hədəfləri bir sıra İran obyektləri, həmçinin radiolakasiya sistemləri və zenith-raket kompleksləri olmalı idi.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu bir neçə gün əvvəl ölkənin cənub hissəsində İranın hava məkanını pozan Amerika pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb. ABŞ Silahlı qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) isə təyyarənin İran zenit-raket kompleksi tərəfindən Hörmüz boğazının üzərində vurulduğunu bəyan edib.
Tramp bunu “İranın çox böyük səhvi” adlandırıb, ancaq daha sonra bildirib ki, bunun qəsdən edildiyinə inanmır.
Bu gün isə Tramp NBC televiziya şirkətinə müsahibəsində bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.
“Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq”, – deyə Tramp qeyd edib.
O, həmçinin əmin edib ki, ABŞ İranla dialoqun başlaması üçün heç bir şərt irəli sürmür.
“Onlara (iranlılara – red) nüvə silahına malik olmaq olmaz”, – Tramp deyib.
“Əgər onlar bu barədə danışmaq istəyirlərsə, bu yaxşıdır”, – deyə Ağ Ev rəhbəri əlavə edib. /Publika.az/