Ukraynanın böyük potensialı var, tək özünü yox, bütün Avropanı kənd təsərrüfatı məhsulları ilə təmin etmək gücündədir və yeni nəsil İT sahəsində də dünyada artıq söz sahibi olur. Amma nəsillər, regionlar arasında dərin uçurum var.
Bizimaz.az xəbər verir ki, bunu Ukraynanın daxili və xarici problemlərindən danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, bu ölkədə təqribən 50 yaşına qədər olan əhali hələ “SSRİ-dən çıxa bilməyib”, ölkənin şərqi və cənub-şərqi isə ümumiyyətlə antikapitalistdir:
“Ukraynada hələ də torpaq islahatını həyata keçirə bilmirlər, hökumət hazırdır, cəmiyyət isə yox, biznes üçün şərait var, amma camaatın biznesə həvəsi yoxdur, sabit maaşlı iş istəyir. Ölkədə ciddi demoqrafik problem var, rəsmi məlumatlarda 44 milyon insan yaşadığı deyilsə də, reallıqda 35 milyon nəfər yaşayır, gənclər ölkədə qalmaq istəmir, Avropa və ABŞ-a köç etməyə üstünlük verirlər. Ərazisi Fransadan böyük olan ölkənin əhalisi azı 100 milyon olmalıdır ki, iqtisadi inkişaf reallaşsın.
Ölkənin qərbi ilə şərqi arasında uçurumun əsas səbəbi odur ki, qərb bölgələri 1945-ci ildən sonra sovetləşdirildi, hətta buna müqavimət göstərdi, 1950-ci illərin ortalarına qədər sovet rejimi oturuşmamışdı, şərqi və cənub-şərqi isə 1920-ci illərdən sovetləşmişdi. Digər səbəb dinlə bağlıdır, ölkədə katolik və pravoslav kilsələri fəaliyyət göstərir, bu da cəmiyyəti bölən amilə çevrilib. Çünki pravoslav şəbəkə ilə Rusiya, katoliklərlə Qərb işləyir - hər birinin də öz gündəliyi və məqsədləri var”.
Ekspert onu da bildirib ki, Rusiya Ukraynanın müstəqilliyi ilə hələ də barışmaq istəmir və bu da ölkədə bəzi problemlərə yol açır:
“Nəhayət, Rusiya amili, işğal faktı var ki, bu da ciddi maneədir. Söhbət tək Putinin siyasətindən getmir, Rusiya siyasi elitası Ukrayna və Belarusu süni şəkildə və qədim rus torpaqları üzərində qurulmuş dövlətlər sayır, onların müstəqilliyi ilə barışmır. Ukraynanın NATO və AB-yə inteqrasiyası məsələsi bəhanədir. Ona qalsa, NATO və AB çoxdan Rusiya ilə sərhəddir, Baltikyanı ölkələr, Finlandiya, Norveç, Türkiyə ya NATO, ya da AB ölkələri olaraq çoxdan Rusiya sərhədindədirlər - deməli, Kremlin Ukrayna üçün “sərhədlərimizə NATO və AB-ni buraxmarıq”, tezisi içiboş söz yığınıdır, bəhanədir.
Ukrayna xalqı demokratiyaya nail oldu - bu çox gözəldir. Amma rifaha nail olmaq üçün nəsil və düşüncə paradiqmasının dəyişməsi də baş verməlidir”.