Əsrimizin vəbası olan xərçəng xəstəliyi son illərdə o qədər can alıb ki, istər-istəməz hər kəsin içinə şübhə və qorxu toxumları səpib. Bəs hər kəsi qorxuya salan bu xəstəliyin yaranma risklərini minimuma endirmək üçün nə etməliyik? Nə kimi tədbirlər görməliyik? Xərçəng xəstəliyini qidalandıran amillər hansılardır?
Bizimaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur onkoloq Yavuz Dizdar bu və digər suallara cavab verib. Onkologiya üzrə mütəxəssis Yavuz Dizdar bildirib ki, xərçəng xəstələrinin sayı hər il daha da artır:
"Son 15 illə müqayisədə xərçəng xəstələrinin sayı 3-4 dəfə artıb. Xərçənglə yanaşı adını bilmədiyimiz bir çox xəstəlik ortaya çıxıb. Autizm, revmatizm, alzheymer, habelə irritabl bağırsaq (qıcıqlanmış bağırsaq sindromu) kimi xəstəliklər geniş yayılıb. Bu durum problemin sistematik olduğunu göstərir. Yəni bu, sizin gündəlik vərdişlərinizin də önünə keçir.
Bir gün “Qatıq niyə xarab olmur?” başlıqlı bir xəbər oxudum. Çoxlu qatıq yeyən biri olaraq bu məsələni araşdırmağa qərar verdim. Apardığım tədqiqatlar nəticəsində məlum oldu ki, südün, ətin və qatığın tərkibi xeyli dəyişib. Bu mövzu ilə əlaqədar olaraq danışa bilməyəcəyim faktlar ortaya çıxdı. Bu qədər sistemli təsir varkən xəstəliklərin artmamasını gözləmək absurd olardı. Artıq istehsal olunan quşların toyuq növü ilə heç bir bir əlaqəsi qalmayıb. Toyuqlar 40 gün ərzində böyüyür. Əgər o toyuğu 40 gündən sonra kəsməsəniz, 60-70 gün ərzində ölür.
Badımcan və bibər kimi tərəvəzləri paketləmək asan olsun deyə kənd təsərrüfatı dərmanları ilə zəhərləyirlər. Xərçəng xəstəliyinin bu səviyyədə artmasının səbəbini istehsal olunan məhsulların korlanmış tərkibindən savayı başqa nə iləsə izah edə bilmirəm. Südün heç bir faydası qalmayıb. Heyvanın bakteriya sintez sürəti kimyəvi maddələrlə artırılır. Heyvanın südünü artırmaq üçün insulinə bənzər hormonlar verilir. Bu şəkildə süd 60 litrə qədər artırılır. Heyvanlara verilən bütün kimyəvi maddələr birbaşa südlərin tərkibinə keçir. Qutuda satılan südlərin heç bir faydası qalmayıb. Çünki südün termodinamika strukturu dəyişib”.
Daha sonra onkoloq orqanizmin faydalı mədə-bağırsaq bakteriyalarına ehtiyacı olduğunu dilə gətirib. Mütəxəssis onu da əlavə edib ki, vegetarianlar və veqan qidalanmasına üstünlük verənlər sağlam və düzgün qidalanmazsa, bu, ciddi fəsadlara gətirib çıxara bilər:
"Südə ehtiyacımız yoxdur. Südün tərkibindəki kalsiumu yediyimiz hər şeydən ala bilərik. Kalsiumu bir neçə tərəvəzdən də almaq mümkündür. Vegetarianlıq çox mürəkkəb qidalanma növüdür. Onlar düzgün qidalanmazsa, bu, beyinlə bağlı bir çox problemlərə yol aça bilər. Keyfiyyətli pendir, qatıq və soğan yesələr, problem yaşamazlar”.
“Meyvələrdəki şəkər xərçəngə səbəb ola bilərmi” sualına isə Yavuz Dizdar belə cavab verib:
“Araşdırma zamanı bir portağalın tərkibində 20 növ kənd təsərrüfatı dərmanı olduğu məlum olub. Odur ki, meyvələrdəki şəkər əkinçilik dərmanlarının yanında çox məsumdur”.