Avstraliyadan olan cütlük təyyarədə, 12 min metr hündürlükdə evlənərək, 150 səfər yoldaşlarını təəccübləndiriblər.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Bildirilir ki, 35 yaşlı Eleyn Tionq və 36 yaşlı Lyuk Sərdar “Virgin Australia” aviaşirkətinin Melburn-Sidney marşrutu ilə hərəkət edən təyyarəsində həyatlarını birləşdiriblər.
“Sözün doğrusu, uzun illər toy planlaşdırması ilə məşğul olmuşam və yüzlərlə mərasimin təşkilindən sonra özümüz üçün də qeyri-adi bir şey etmək istədim. Qeyri-standart bir toy – hər zaman xəyalım olub. Lyuk səyahət və təyyarələri sevir, buna görə daha idealını düşünmək mümkün deyildi”, - deyə Tionq bildirib.
“Ailəmiz və dostlarımız ehtimal ki, bizim dəli olduğumuzu düşünürlər. Ancaq qoy bilsinlər ki, biz hər zaman macəraya hazırıq”, - deyə Sərdar hisslərini bölüşüb.