2021-ci ildə 2 dəfə Günəş və Ay tutulması baş verəcək.

 

Bizimaz.az  xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib.

O qeyd edib ki, gələn il 1-ci Günəş tutulması iyunun 10-da baş verəcək: "Bu tutulma həlqəvari Günəş tutulmasıdır.

Tutulma hadisəsi 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Tutulmanın maksimumu 14:43:06-da olacaq. Tutulma hadisəsi 4 saat 59 dəqiqə davam edəcək.

Bu günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali / Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okeanı və Arktikada müşahidə olunacaq. Azərbaycan ərazisində müşahidə olunmayacaq.

2-ci Günəş tutulması isə 2021-ci il 4 dekabrda baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktida müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

X. Mikayılov bildirib ki, 2021-ci ildə 2 Ay tutulması hadisəsi olacaq və heç biri Azərbaycanda müşahidə olunmayacaq.

1-ci Ay tutulması 2021-ci il 26 mayda baş verəcək: "Bu, tam Ay tutulması olacaq. Tutulma hadisəsi 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

2-ci Ay tutulması 2021-ci il 19 noyabrda baş verəcək. Bu, qismən Ay tutulması olacaq. Tutulma hadisəsi 11:18:41-da başlayacaq və 14:47:04-də sona çatacaq. Tutulmanın maksimumu 13:02:55-də olacaq. Tutulma hadisəsi 2 saat 28 dəqiqə davam edəcək. Tutulma hadisəsi Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean, Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.