Ermənistan qoşunlarının işğal olunmuş Qarabağ ərazisində məğlubiyyəti, eləcə də Bakının sentyabrın 27-dən başlayaraq endirdiyi zərbələr Nikol Paşinyan rejimini süqutla üz-üzə qoyub. Çoxsaylı insan və ərazi itkiləri barədə həqiqətləri gizlətməsinə baxmayaraq, “Qarabağ miatsumu” ideyasının çökməsi barədə məlumat ictimaiyyətə məlum oldu və məyusluq yaratdı.

 

Bizimaz.az Trend-ə istinadla xəbər verir ki, ötən gün baş nazir Paşinyan çağırışa düşməyən şəxsləri könüllü şəkildə orduya yazılmağa çağırıb. O deyib ki, “münaqişə zonasında bəzi sahələrdə ağır vəziyyət yaranıb”.

Hökumətdən kütləvi narazılığı qızışdıran amillərdən biri də Azərbaycanın işğal olunmuş ərazilərini tərk edərək Yerevana yollanan və bununla şəhərdə gərginliyi artıran Qarabağ ermənilərinin axınıdır. Bu şəraitdə Qarabağ məğlubiyyətinin günahkarı olan baş nazir Paşinyanın ünvanına tənqidlər artmaqdadır.

Bu məsələdə Paşinyanı onun əsas rəqibi, “Qarabağ klanı”nın lideri, Ermənistanın sabiq prezidenti Robert Koçaryan açıq-aşkar tənqid edir. O, Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatına başlamasından dərhal sonra keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş qərargahın keçmiş rəisi Yuri Xaçaturovla birgə Xankəndiyə gəldi və burada öz tərəfdarları ilə, xüsusilə də separatçıların keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Saakyanla görüşlər keçirdi.

Bu şəxslər də Paşinyan rejiminin dəyişməsində maraqlıdır. Belə ki, Paşinyan hakimiyyətə gəldikdən sonra başlayan cinayət işi çərçivəsində Koçaryan, Xaçaturov, Ohanyan və “Qarabağ klanı”nın digər üzvləri 1 mart 2008-ci il hadisələrində ittiham olunub.

Məlumdur ki, Koçaryanın Yerevan həbsxanasından təminat qarşılığında azad edilməsində Rusiya amili rol oynayıb. Bu baxımdan, Koçaryanın Qarabağdan Yerevana qayıtması və Rusiya səfiri il görüşü düşünməyə əsas verir ki, ölkədə hakimiyyət uğrunda mübarizə özünün gərgin mərhələsinə qədəm qoyur.

Diplomatik mənbələr məlumat verir ki, Rusiyanın Baş naziri Mixail Mişustinin rəhbərliyi ilə böyük nümayəndə heyəti Ermənistana səfər edəcək. Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib ki, səfərin məqsədi oktyabrın 9-da Ermənistanda keçiriləcək Avrasiya İqtisadi Şurasının iclasına hazırlıqdır.

Amma düşünməyə əsas var ki, Koçaryanın hərbi əməliyyatların gərgin vaxtında Qarabağdan Ermənistana getməsi, eləcə də Rusiya nümayəndəsinin səfəri Yerevanda daxili siyasi dəyişikliklərlə, xüsusən də baş nazir Paşinyanın istefası ilə əlaqədardır.