Özbəkistanın Sırdərya vilayətində aramsız yağışlardan sonra Sardoba Su Anbarının istinad divarları çöküb.

 

Bizimaz.az CNN Türk-ə istinadən xəbər verir ki, suyun ətrafa axması nəticəsində yüzlərlə ev su altında qalıb, 56 nəfər isə xəsarət alıb.

Bölgəyə cəlb edilən xilasedicilər bölgədən 70 minə yaxın insanı təxliyyə edib.

Anbarın suyunun digər çaylara yönləndirilməsi sayəsində suyun ətrafa axmasının qarşısı alınıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyayev hadisə yerinə gedib. O, dəyən ziyanın müəyyənləşdirilməsi və bölgədən təxliyyə edilənlər üçün bütün şəraitin təmin edilməsi barədə tapşırıq verib:

Bütün gücümüzü səfərbər edəcəyik. Vəziyyət düzələnə qədər mən də daxil olmaqla heç bir məsul şəxs heç bir yerə getməyəcək”.

Qeyd edək ki, 2017-ci ildə inşası bitən Sardoba Su Anbarı 922 milyon  kubmetr su həcminə malikdir. Bu anbar Sırdərya və Cizzah vilayətlərindəki kənd təsərrüfatı torpaqlarının suvarılmasında istifadə edilir.