ABŞ HərbiDəniz Donanmasına məxsus “USNS Comfort” xəstəxana gəmisi Nyu-York limanından ayrılıb.
"Report"un xüsusi müxbiri xəbər verir ki, gəmi martın 30-da koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Manhattan limanında lövbər salmışdı.
Birləşmiş Ştatların ən böyük tibb gəmilərindən sayılan "USNS Comfort” 1 000 çarpayılıqdır və xəstəxananın 1 200 tibbi heyəti var.
Gəmi bir aydır Hudson çayı üzərində lövbər salmaqla pandemiyadan ən çox əziyyət çəkən Nyu-York şəhərindəki xəstəxanaların yükünü azaltmağa çalışıb.
"USNS Comfort” Nyu-Yorkda koronavirusda yoluxanların sayının azalması və xəstəxanaların normal fəaliyyətinə dönməsi səbəbindən işini başa vuraraq ABŞ-ın Virciniya ştatının Norfolk şəhərindəki limana qayıdıb. Gəmini ABŞ vətəndaşları əllərində bayraqlarla alqışlarla yola salıb.
Qeyd edək ki, “USNSComfort” xəstəxana gəmisi koronavirusa yoluxan ağır xəstələr müalicə alırdı. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatına görə, Nyu-Yorkda lövbər saldığı bir ay ərzində gəmidə 182 pasiyent müalicə edilib, onlardan 11 nəfəri ölüb.